Ölkədə 500 minə yaxın sənədsiz tikili var
Özbaşına tikililərin sənədləşdirilməsi qanunla qadağandır və bəzi ərazilərdə qeydiyyat mümkün deyil
Azərbaycanda hazırda təxminən 400–500 min sənədsiz tikili mövcuddur. Bu barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova “2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər” mövzusunda mətbuat konfransında məlumat verib. O qeyd edib ki, bu tikililərin dəqiq sayını müəyyən etmək üçün geniş araşdırmalar aparılmalıdır.
Nigar Alimova həmçinin vurğulayıb ki, özbaşına tikililərin sənədləşdirilməsi qanunla qadağandır. Onun sözlərinə görə, bu cür tikililər tikinti normaları və qaydaları, eləcə də torpaq qanunvericiliyinin tələbləri pozulmaqla aparılır:
“Bu anlayış və ona dair hüquqi nəticələr həm Mülki Məcəllədə, həm də Torpaq Məcəlləsində açıq şəkildə təsbit olunub. Biz də çıxışlarımızda mütəmadi olaraq vətəndaşlarımızın maarifləndirilməsinə xüsusi diqqət yetiririk. Özbaşına tikinti aparmaq olmaz. Bu, qanunla qadağandır və onun sonradan sənədləşdirilməsi yalnız qanunvericiliyin müəyyən etdiyi qaydada və şərtlərlə mümkündür.”
Qurum rəsmisi əlavə edib ki, bəzi ərazilərdə tikilən tikililərin sənədləşdirilməsi mümkün deyil. Onun sözlərinə görə, mühafizə zonaları, yüksək təzyiqli qaz xətləri, dəmir yolu ərazisində tikilən evlər qanunla qeydiyyata alına bilməz:
“Təbii ki, həmin vətəndaşlar müəyyən xidmətlərdən istifadə edə bilərlər. Amma belə tikilinin statusu təsdiqlənənədək rəsmi xidmətlər göstərilə bilməz.”
Alimova bildirib ki, Prezidentin imzaladığı fərman qüvvəyə mindiyi gündən bu günədək yüz minlərlə evin qeydiyyatı həyata keçirilib. Bu, ölkədə daşınmaz əmlakın rəsmiləşdirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir və vətəndaşların hüquqi maarifləndirilməsi prosesinə dəstək verir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.