Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul oldu – onların uğur hekayəsi
Nəzrin və Yunis beynəlxalq yarış təcrübələrini və gələcək planlarını bölüşdülər
Hər il gənc intellektlərimiz beynəlxalq fənn olimpiadalarında iştirak edərək öz bilik və bacarıqlarını nümayiş etdirir, həm fərdi, həm də ölkəmiz adına qürurverici nailiyyətlər qazanırlar. Bu il ali məktəblərə müsabiqədənkənar qəbul hüququ əldə edənlər arasında Nəzrin Həsənova və Yunis İsayev də var. Onlar qazandıqları uğurlar, yarış təcrübələri və gələcək planları barədə fikirlərini bölüşüblər.
Nəzrin Həsənova Kimya-biologiya təmayüllü Respublika liseyinin məzunudur və Xəzər Universitetində “Kimya mühəndisliyi” ixtisasını seçib. Onun kimyaya marağı məktəb illərində iştirak etdiyi olimpiadalarla başlayıb. “Elm olimpiadaları idmandan fərqlidir, burada bütün yükü beyin daşıyır. Bəzən gün ərzində 6–7 saat çalışmalı olurdum, amma məqsədim və müəllimlərimin dəstəyi məni irəli aparırdı”, – deyə Nəzrin bildirir. O, beynəlxalq səviyyədə ölkəni təmsil etməyin unudulmaz hiss olduğunu vurğulayıb və gələcəkdə xaricdə təhsil alaraq Azərbaycana fayda verməyi planlaşdırır.
Yunis İsayev isə Fizika-riyaziyyat və informatika təmayüllü liseyin məzunudur. O, ADA Universitetində “Kompüter elmləri” ixtisasını seçib. Uşaqlıqdan riyaziyyata maraq göstərən Yunis müxtəlif beynəlxalq yarışlarda iştirak edib. “Balkan Olimpiadası və digər beynəlxalq yarışlarda iştirak edərək müxtəlif ölkələrdən dostlar qazandım. Bu təcrübə həm qürurverici, həm də çox əyləncəli idi”, – deyə o, xatırlayır. Yunis də gələcəkdə xaricdə magistr təhsili almağı planlaşdırır.
Onların fikrincə, olimpiada qaliblərinə imtahansız qəbul hüququ verilməsi məktəbliləri bu sahəyə daha çox həvəsləndirir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.