Oksford Universitetində fəaliyyət göstərən azərbaycanlı gənc Mingəçevir Dövlət Universitetində seminar keçirib
2022-ci ilin 21 aprel tarixində Mingəçevir Dövlət Universitetində (MDU) dünyanın lider ali təhsil müəssisələrindən olan Böyük Britaniyanın Oksford Universitetinin akademik heyət üzvü, iqtisad üzrə fəlsəfə doktoru Rüstəm Cəmilov tərəfindən “Xaricdə təhsil və tədqiqat təcrübəsi” mövzusunda seminar keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda universitetin əməkdaşları, tələbələri, magistrantları və doktorantları iştirak ediblər.
Seminara moderatorluq edən MDU-nun rektorunun müşaviri Hamiz Mahmudov, ilk növbədə, dəvəti qəbul edib universitetin tələbə və müəllim kollektivi ilə görüşə gəldiyi üçün R.Cəmilova təşəkkürünü bildirib və qonağı iştirakçılara təqdim edib. Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarının dövlət tərəfindən dəstəklənməsindən söhbət açan rektorun müşaviri, bununla bağlı həyata keçirilən müvafiq dövlət proqramlarını diqqətə çatdırıb. Məhz dövlətin bu istiqamətdə yaratdığı imkanlar sayəsində R.Cəmilovun bakalavriat, magistratura və doktorantura təhsilini Avropanın nüfuzlu universitetlərində (İtaliyanının Bokkoni Universiteti, London İqtisadiyyat Məktəbi və London Biznes Məktəbi) aldığı vurğulanıb və hazırda dünya reytinqlərində ilk sıralarda yer alan Oksford Universitetində azərbaycanlı gəncin akademik və elmi fəaliyyət göstərməsinin qürurverici olduğu qeyd edilib. Görüşün iştirakçılar üçün faydalı olacağına və məhsuldar müzakirələrin aparılacağına inandığını söyləyən moderator seminarın işinə uğurlar arzulayıb.
Dəvətə və səmimi görüşə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən seminarın məruzəçisi R.Cəmilov son dövrdə modernləşmə yolunda mühüm addımlar atan MDU-nun kollektivi ilə bir arada olmaqda məmnunluğunu bildirib və “Xaricdə təhsil və tədqiqat təcrübəsi” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda R.Cəmilov təhsil aldığı və çalışdığı dövrlərdə xarici universitetlərdə tədris və tədqiqat fəaliyyətləri ilə bağlı əldə etdiyi təcrübələrini bölüşüb.
Tədqiqat prosesinin məqsədlərindən, elmi məqalələrin yazılması və beynəlxalq nüfuzlu iqtisadi və maliyyə jurnallarında dərc edilməsindən danışan R.Cəmilov nüfuzlu nəşrlərə elmi məqalələrin göndərilməsi və qəbul olunmasınadək keçilən bütün mərhələlərdən və bununla bağlı diqqət yetiriləsi amillərdən bəhs edib.
Tədqiqat işlərinin tətbiqiliyinin yüksək səviyyədə olması üçün başlıca prinsiplər barədə məlumat verən məruzəçi yeni empirik əlaqənin qurulmasının, verilənlər (data) bazasının, arxiv işi və rəqəmsallaşmanın, kartoqrafiya və coğrafi təhlilin, həqiqi və kvazi təbii eksperimentlərin, çoxölkəli və çoxillik faktların və nəticələrin önəmini diqqətə çatdırıb.
Tədqiqatın müasir metodları və alətlərindən danışan R.Cəmilov müxtəlif beynəlxalq institutların akademik heyət üzvləri ilə əməkdaşlığın əhəmiyyətindən, birgə məqalələrin yazılmasından və bu məqsədlə beynəlxalq təcrübədə tətbiq olunan əmək bölgüsündən bəhs edib.
Məlumatların (dataların) alınması, tədqiqatçıların işə götürülməsi və elmi konfranslarda iştirakın müvafiq vəsaitlər tələb etdiyini bildirən məruzəçi bu baxımdan qrantların rolu, tədqiqatlar üçün qrant ayıran beynəlxalq və regional təşkilatlar, qrant layihəsinin ideyası qarşısında qoyulan tələblər barədə məlumat verib, praktiki nümunələr göstərib və ölkəmizlə bağlı bir sıra tədqiqat ideyalarını təklif edib.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan seminarda mövzu ilə bağı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb. Faydalı təqdimata görə məruzəçiyə və göstərilən dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü bildirən seminar iştirakçıları gələcəkdə bu tipli görüşlərin davamlı keçirilməsini arzulayıblar.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da təhsilalanların və təhsilverənlərin hərtərəfli inkişafı, tədris və tədqiqat fəaliyyətlərinin keyfiyyətinin davamlı yüksəldilməsi diqqət mərkəzində saxlanılır və bu məqsədlə qabaqcıl xarici universitetlərin təcrübəsinin öyrənilməsinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.