“Oğlumun cəsədi də tapılmadı, gözlərim yoldadır”
2015-ci il dekabr ayının 4-də “Günəşli” yatağındakı 10 saylı buruqda baş verən qəzadan sonra itkin düşənlərdən biri də Mingəçevir sakini İnqilab Osman oğlu İsgəndərovdur
Mingəçevirdə, 1957-ci il noyabrın 29-da anadan olan İnqilab ixtisasca nəqliyyatçı idi. O, ömrünün axırıncı 10 ilini dənizdə işləyirdi. İki övlad atası olan neftçi hadisə zamanı itkin düşdü. Bu günə qədər onun cəsədi də tapılmadı. Artıq bir ildir ki, ananın gözləri yoldadır. Qəmər ana ümid edirdi ki, oğlu İnqilab gələcək. Çünki o, anası və ailəsi ilə hadisədən bir gün əvvəl danışımışdı . Bildirmişdi ki, gələcək ad gününü birlikdə qeyd etməyə.
Ana oğlunun yoxluğuna bu gün də inanmır, heç cürə alışa bilmir, bütün günü: “Oğlum mütləq gələcək” – deyir: “Həmişə deyirdim ki, Xəzər dənizini sevirəm. Amma indi istəmirəm. O, mənim oğlumu əlimdən alıb, qumundan yorğan , buzundan balınc verdi. Uşaqlara deyirəm ki, mənə hər xəbəri deməyin, qoyun ümidlə yaşayım. Oğlumun cəsədi də tapılmadı, gözlərim yoldadır. İndi də deyirəm ki, heç olmasa son günlərimi ümidsiz yaşamayım. Bu dərd mənə yaman ağır oldu. Deyirdim Allahdan ümid kəsilməz, daha taqətim qalmadı”.
Bu sözləri bu gün Qəmər ana oğlunun il mərasimində yana –yana söylədi. O, Mingəçevirdə tanınmış və böyük hörmət qazanan ibtidai sinif müəllimlərindən olub.
Şərhlər bağlıdır.