Noyabr ayı qiymət hesabatı açıqlanıb
Qarışıq tendensiya: Qida məhsullarında bahalaşma, meyvə və içkilərdə isə ucuzlaşma müşahidə edilib
Noyabr ayı ərzində qida və qeyri-qida məhsullarının qiymətində baş verən dəyişikliklər açıqlanıb.
Ən çox bahalaşan qida məhsullarına qarabaşaq yarması, mal ətindən hazırlanmış konservlər, balıq və balıq məhsulları, süd məhsulları, yumurta, armud, üzüm, qoz, fındıq, şabalıd, xiyar, pomidor, şirin bibər, badımcan, soğan, kartof, qara və yaşıl çay, eləcə də alkoqollu içkilər daxildir.
Ən çox ucuzlaşan məhsullar isə makaron, limon, portağal, naringi, alma, heyva, nar, xurma, kivi, ağ kələm, göyərti, balqabaq, lobya, süfrə çuğunduru və yerkökü olub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişiklik müşahidə olunmayıb.
Ən diqqət çəkən statistik göstəricilər belədir: yumurta 4,6%, tərəvəz 1,5%, qənd, cem, bal və şokolad, çay, qəhvə və kakao isə 0,4% bahalaşıb. Alkoqollu içkilər 1,3%, süd məhsulları 0,3%, ət, balıq və çörək məmulatları isə 0,1% artıb.
Meyvə qiymətləri isə ümumilikdə 1,3% ucuzlaşıb. Eyni zamanda, mineral sular, sərinləşdirici içkilər və şirələrin qiymətində 0,2% azalma müşahidə olunub.
Qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 0,2%, yanvar-noyabr ayları ərzində isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% artıb. Noyabr ayında şəxsi gigiyena və zərgərlik məmulatları bahalaşıb, məişət cihazları isə ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişiklik olmayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.