Nazirlər Kabinetindən mühüm qərar
Yeni qida normaları tibb, təhsil və sosial müəssisələr üçün büdcə xərclərinin artırılmasını nəzərdə tutur.
Nazirlər Kabineti Prezident tərəfindən təsdiqlənən “Yaşayış minimumu haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, tibb, təhsil və sosial sahəyə aid müəssisələr üçün yeni qida normalarını təsdiqləyib.
İqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib ki, dəyişikliklərə əsasən artıq sosial sahəyə aid müəssisələrdə də xidmət alan şəxslər üçün ortasutkalıq qida normaları müəyyənləşdirilib.
“Əvvəlki qanunvericilikdə sosial müəssisələr üçün bu normaların təsdiqi nəzərdə tutulmurdu. Yeni qərar həmin boşluğu aradan qaldıraraq, bu müəssisələrin dövlət dəstəyindən daha səmərəli yararlanmasına imkan verir”, – deyə deputat qeyd edib.
Vüqar Bayramovun sözlərinə görə, yeni normalar həmçinin büdcədən ayrılan vəsaitlərin artımını da nəzərdə tutur. Bu isə tibb, təhsil və sosial sahə müəssisələrində fəaliyyətin səmərəliliyini və maddi-texniki təminatı gücləndirəcək.
“Yeni qida normaları müasir xərclər və sosial tələblər nəzərə alınmaqla təsdiqlənib. Bu da həmin müəssisələrdə xidmət alan vətəndaşların sosial rifahının yüksəlməsinə, xidmət keyfiyyətinin isə daha da yaxşılaşmasına şərait yaradacaq”, – deputat əlavə edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.