Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Naftalanın 2025-ci il sosial-iqtisadi nəticələri müzakirə olundu

Şəhərdə turizm və sağlamlıq sahələrində nailiyyətlər, Prezidentin sərəncamlarının icrası və əhalinin rifahının yüksəlməsi diqqət mərkəzində olub

187

Naftalan şəhər Heydər Əliyev Mərkəzində 2025-ci ilin sosial-iqtisadi inkişaf göstəricilərinə dair hesabat yığıncağı keçirilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin müvəqqəti başçısı və Sosial-iqtisadi, memarlıq-tikinti və şəhər təsərrüfatı şöbəsinin müdiri Arzu Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov, hüquq-mühafizə orqanlarının və yerli idarə, müəssisə və təşkilatların rəhbərləri, Şura üzvləri, ərazi nümayəndələri və ictimaiyyət iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Hesabat iclasını açan Arzu Məmmədov bildirib ki, Ulu Öndərin yaratdığı dövlət idarəetmə modeli Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilir. Naftalan şəhəri də son illərdə Prezidentin diqqəti və tapşırıqları sayəsində inkişaf etmiş, yeni layihələrə imza atmışdır.

O qeyd edib ki, hazırda şəhərdə beynəlxalq standartlara cavab verən 20 otel və müalicə-səhiyyə mərkəzi fəaliyyət göstərir. Gün ərzində bu obyektlər 4 minə yaxın qonağa xidmət göstərə bilir ki, bu da paytaxt Bakıdan sonra regionlarda ən yüksək göstəricidir. 2025-ci ildə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının “Kurort Naftalan” sağlamlıq mərkəzi əsaslı təmir edilərək müasir avadanlıqlarla istifadəyə verilib. Yeni obyektlər əhalinin rifahının yüksəlməsinə, turizm xidmətlərinin inkişafına və turist məmnuniyyətinin artmasına xidmət edir.

Hesabat ilində Naftalana 44 mindən çox turist səfər edib, bunlardan 18 mini dünyanın 53 ölkəsindən gəlmişdir. İlk sırada Rusiya, Özbəkistan və Qazaxıstan vətəndaşları yer alıb.

Arzu Məmmədov həmçinin Prezident İlham Əliyevin “Sağlamlıq Turizminin inkişafında Naftalan neftinin rolunun artırılması” barədə sərəncamını xatırladıb. Sərəncam çərçivəsində 2026-2029-cu illərdə Naftalan nefti və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq səviyyədə tanıdılması və tibbi istifadə imkanlarının genişləndirilməsi üçün tədbirlər planı hazırlanıb.

Tədbirdə Naftalan şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Nicat Ələsgərov, Şəhid anası Tünzalə Zöhrabova, Şəhər Ağsaqqallar Şurasının sədri Möhübbət Bədəlov və Naftalan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Faiqə Ağayeva çıxış ediblər.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                   

Daha sonra Vəfadar Bağırov çıxış edərək qeyd edib ki, 2025-ci ildə ölkəmizdə sosial-iqtisadi sahələrdə mühüm irəliləyişlər əldə olunub. “Böyük Qayıdış” proqramı, sosial rifahın artırılması və regionların tarazlı inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə Naftalan şəhərində də sosial-iqtisadi göstəricilər yüksəlib, əhalinin rifahı və məmnunluğu artıb.

Yığıncağın yekununda qərar layihəsi təqdim olunub və iştirakçıların diqqətinə çatdırılıb. Sonda isə tədbir iştirakçıları adından Prezident İlham Əliyevə müraciət oxunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.