Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Naftalana ilin əvvəlindən 15 mindən artıq turist gəlib

Son altı ay ərzində şəhərdə yeni 188 yerlik Müalicə Mərkəzi fəaliyyətə başlayıb

Mi-news.az-a verilən məlumata görə,  2023-cü ilin birinci yarımiliyi ərzində Naftalan şəhərinə 15 mindən çox turist gəlib. Bunun 5 mindən çoxu dünyanın 36 ölkəsindən olan xarici turistlərdir. Rusiya, Qazaxıstan və Özbəkistandan olan qonaqlar say etibarı ilə  liderlik edib. Eyni zamanda ilboyu  ABŞ,  Avropa və digər ölkələrdən Naftalan sanatoriyalarına  xeyli sayda turist  üz  tutub.

Naftalan dünyanın bir sıra şəhərləri ilə qardaşlaşıb. İtaliyanın Pozitano, Polşanın Uneyov, Fransanın Leql, Rusiyanın Yesentuki şəhərləri ilə Naftalan arasında dostluq, qardaşlıq sazişləri imzalanıb. 5 ci şəhər isə Xorvatiyanın İvaniç-Qrad şəhəridir. Bu əməkdaşlığa   2023-cü ilin iyun ayında imza atılıb. Şəhər İcra Hakimiyyətinin  başçısı Vüqar Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti İvaniç-Qrad şəhərində işgüzar səfərdə olub. Səfər zamanı  iki şəhər arasında dostluq və əməkdaşlıq xartiyası imzalanıb.

Yeri gəlmişkən, bu şəhərdə də Naftalandakı kimi neftlə müalicə prosesi aparılan sanatoriya fəaliyyət göstərir. Amma bu o demək deyil ki, Naftalanda çıxan neftlə tərkib baxımından eynidir. Naftalan nefti unikaldır, alternativi yoxdur.

Son altı ay ərzində şəhərdə yeni 188 yerlik  Müalicə Mərkəzi fəaliyyətə başlayıb. Bu bir daha ölkədə və Naftalan şəhərində  investorlar üçün yaradılan şəraitin əlçatanlığını göstərir. Sağlamlıq turizmi istiqamətində inkişaf edən şəhərdə müasir kurort mərkəzi kimi yaşıllıq zolaqları genişləndirilir,  enerji təsərrüfatı günəş panelləri və digər qabaqcıl texnologiyalarla təmin edilir.

Şərhlər bağlıdır.