“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi mayın 10-da Mingəçevir Media Mərkəzində ictimaiyyət nümayəndələrinə yeni layihəsni təqdim edib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə Mingəçevirdə çoxmənzilli binaların mənzil mülkiyyətçiləri tərəfindən idarə olunmasına praktiki və hüquqi yardımların göstərilməsi barədədir. Məqsəd İqtisadiyyat Nazirliyi, Mingəçevir Bələdiyyəsi və İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi ilə birgə şəhərdəki çoxmənzilli binaların sahə mülkiyyətçiləri tərəfindən idarə olunması prosesini sürətləndirmək, Bakı MMMC-lərinin təcrübəsini yaymaqdır.
Bu barədə MVA İB-nın və layihənin rəhbəri, Əməkdar jurnalist Fərman Nəbiyev məlumat verib. O, bildirib ki, bu gün əsas vəzifə çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçilərinin tam mülkiyyətinə verilməsinə nail olmaqdır: “Bu iş təkcə maarifləndirmədən keçmir, eyni zamanda əhaliyə praktiki və hüquqi aspektdə yardım göstərilməsinə ehtiyac var. Belə ki, mülkiyyətçilərin qanunun tələblərinə uyğun şəkildə ümumi yığıncaqlarının keçirilməsi, protokolların tərtib olunması, digər sənədlərin hazırlanması və qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim olunması başlıca şərtdir. Əksər mülkiyyətçilər bu prosedurları keçməkdə çətinlik çəkirlər. Eyni zamanda yeni yaradılacaq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərini idarə etməkdə onlara bir müddət kömək göstərilməlidir”.
F.Nəbiyev vurğulayıb ki, hər il dövlət büdcəsindən mənzil və kommunal təsərrüfatı xərclərinə ayrılan vəsait azaldılır: “Məsələn, bu rəqəm 2018-ci ildə 457 milyon 399 min manat idisə, 2019-cu il üçün 360 milyon 330 min 273 manat təşkil edir. Hökumətin mənzil fondunun saxlanması ilə bağlı xərcləri azaltmasının bir neçə səbəbi var. Birincisi, bütün dünyada baş verən iqtisadi krizis Azərbaycandan da yan keçməyib. İkincisi, müharibə şəraitində olmasına baxmayaraq, ölkəmizdə davamlı şəkildə böyük sosial və infrastruktur layihələr həyata keçirilir və böyük məbləğdə büdcə vəsaiti həmin istiqamətlərə yönəldilir. Üçüncüsü, mənzil mülkiyyəçilərinin get-gedə öz mülkiyyətlərinə sahib olmaq cəhdləri artır, bu da dövlətin yükünün azaldılmasına gətirib çıxarır”.
Görüş iştirakçılarının suallarını cavablandıran layihə rəhbəri diqqətə çatdırıb ki, təşkilat 2016-cı ildən etibarən bu istiqamətdə layihələr həyata keçirir: “Əvvəlki illərdə yerli Bələdiyyə və İqtisadiyyat Nazirliyi nümayəndələrinin və ekspertlərin iştirakilə seminar və görüşlər təşkil olunub, icmalar səfərbərliyə alıınıb. Çoxmənzilli binaların idarə olunması ilə bağlı regional TV-də verilişlər və xəbərlər yayımlanıb. Düşünürəm ki, bu il bir neçə məhəllədə çoxmənzilli binalarda yeni idarə üsulunun tətbiqinə nail olacağıq. Biz bu məsələni şəhərin İcra Hakimiyyəti başçısı İlham İsmayılovla da müzakirə etmişik və o da köməyə söz verib”.
Şərhlər bağlıdır.