Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Muxtar Respublika ölkənin əsas enerji sisteminə birləşdirilir

Zəngəzur xətti və yeni yarımstansiyalar Naxçıvanın Avropa enerji bazarına çıxışını təmin edəcək

171

Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının əsas elektrik şəbəkəsinə birləşdirilməsi üçün strateji əhəmiyyətli layihə reallaşdırılır. Bu layihə eyni zamanda Azərbaycan-Türkiyə-Avropa beynəlxalq enerji dəhlizinin formalaşmasına da töhfə verəcək.

Prezidentin göstərişinə uyğun olaraq, “AzərEnerji” şirkəti Cəbrayıldan Ağbəndə qədər 74 kilometr, paralel olaraq Naxçıvandan Ordubad sərhədinə qədər isə 105 kilometr uzunluğunda, ikidövrəli və 1000 meqavatlıq gücə malik 330 kilovoltluq yüksək gərginlikli ötürmə xətti inşa edir. Xəttin çəkilişi Araz çayı boyunca, dağlıq və qayalıq ərazilərdə aparılır və bu, mürəkkəb relyef və çətin iqlim şəraitində həyata keçirilir.

Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizi üzərindən 44 kilometrlik əlavə ötürmə xətti tikiləcək və bu xətt Ağbənd və Ordubad istiqamətindəki mövcud xətlə birləşdiriləcək. Eyni zamanda Naxçıvan şəhərində yeni 330 kilovoltluq yarımstansiya üçün 49 hektar torpaq sahəsi ayrılıb və tikinti işlərinə başlanılıb.

Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizi çərçivəsində daha bir strateji addım da planlaşdırılır: Naxçıvandan Türkiyəyə 230 kilometrlik 400 kilovoltluq ötürmə xəttinin çəkilməsi və ölkədə ilk dəfə 400 kilovoltluq çevirici yarımstansiyanın inşası.

Bu layihə Naxçıvanın ölkənin vahid enerji sisteminə tam inteqrasiyasını təmin edəcək, muxtar respublikanın xarici ölkələrdən asılılığını azaldacaq və Avropa enerji bazarlarına çıxış imkanlarını artıracaq. Layihə Azərbaycan tarixinin ən iri və strateji enerji təşəbbüslərindən biri hesab olunur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.