Müharibə veteranlarına daha geniş sosial dəstək
Əmək məzuniyyəti minimum 46 günə çatdırılır, yeni qaydalar bütün müharibə veteranlarını əhatə edəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müavini Rəşad Mustafayev bildirib ki, əmək münasibətlərində aparılan dəyişikliklər yeni iqtisadi reallıqlara uyğunlaşdırılır, beynəlxalq standartlara uyğunlaşmanı təmin edir və praktikada üzə çıxan boşluqları aradan qaldırır.
Mustafayev açıqlayıb ki, minimum əməkhaqqı və yaşayış minimumu anlayışları da beynəlxalq tələblərə uyğunlaşdırılıb. Bununla əlaqədar “Yaşayış minimumu haqqında” qanuna və Əmək Məcəlləsinin 155-ci maddəsinə müvafiq düzəlişlər edilib.
“Yeni redaksiyada məzuniyyət hüququ genişləndirilib və minimum 46 təqvim günü müəyyən olunub. Əvvəlki qaydada bu hüquq yalnız xüsusi kateqoriyalara aid idisə, yeni dəyişiklik bütün müharibə veteranlarına şamil olunur. Məsələn, Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan işçilər artıq standart 21-30 gün deyil, minimum 46 gün əmək məzuniyyəti alacaqlar. Bu addım dövlətimizin vətənə xidmət etmiş bütün şəxslərə ədalətli və inklüziv sosial dəstək göstərdiyini təsdiqləyir”, – deyə Mustafayev vurğulayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.