MİQ namizədləri üçün son şans
Müsahibələr onlayn formatda keçiriləcək, sənəd qəbulu isə sentyabrın 3-dək davam edəcək
Müəllimlərin işə qəbulu (MİQ) müsahibə mərhələsində uğur qazana bilməyən namizədlərin apellyasiya müraciətlərinin qəbulu sentyabrın 1-i saat 18:00-da yekunlaşacaq. Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilir ki, apellyasiya müsahibələri onlayn formatda təşkil olunacaq. Namizədlər şəxsi səhifələrinə daxil olaraq elektron poçt ünvanlarını düzgün qeyd etməli və göndərilən link vasitəsilə müsahibədə iştiraklarını təsdiq etməlidirlər. Elektron ünvanı səhv göstərən və ya müraciətini təsdiqləməyən şəxslərin apellyasiya tələbi nəzərə alınmayacaq.
Qeyd edək ki, müsahibələrdə uğur qazanan namizədlər sentyabrın 3-ü saat 18:00-dək zəruri sənədləri — şəxsiyyət vəsiqəsi, təhsil sənədlərinin surəti, əmək kitabçası (olduğu halda), 4 ədəd fotoşəkil, sağlamlıq arayışı və digər tələb olunan sənədləri aidiyyəti yerli təhsil idarəetmə orqanına təqdim etməlidirlər.
Sənədləri təsdiqlənən namizədlərin işə qəbulu rəsmiləşdiriləcək. Bununla belə, sənədlərini təqdim etməyən və ya vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirak hüququ ləğv ediləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.