Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Minimum əməkhaqqısı ilə bağlı qaydalar dəyişdirildi

Əmək Məcəlləsinə edilən dəyişikliklər minimum əməkhaqqısını iqtisadi inkişaf, yaşayış minimumu və əmək məhsuldarlığı ilə birbaşa əlaqələndirir

110

Əmək münasibətlərində sosial müdafiənin əsas elementlərindən sayılan minimum əməkhaqqı ilə bağlı qanunvericiliyin yenilənməsi Azərbaycanda sosial-iqtisadi siyasətin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Prezident İlham Əliyevin imzaladığı Əmək Məcəlləsinə edilən dəyişikliklər minimum əməkhaqqına yanaşmanı köklü şəkildə yeniləyir. Artıq bu anlayış yalnız texniki göstərici və ya formal normativ kimi deyil, daha geniş iqtisadi və sosial meyarlarla əlaqələndirilən kompleks mexanizm kimi müəyyən edilir. Əvvəlki yanaşmada minimum əməkhaqqı əsasən ixtisassız əməyə görə ödənilən ən aşağı aylıq məbləğ kimi qəbul olunur və real sosial təsir imkanları məhdud qalırdı.

Yeni dəyişikliklər isə minimum əməkhaqqının ölkənin iqtisadi durumu, sosial reallıqları və əhalinin həyat səviyyəsi ilə birbaşa bağlı şəkildə formalaşdırılmasını nəzərdə tutur.

Qanunvericiliyə əsasən, minimum əməkhaqqı bundan sonra yalnız ixtisassız əməyə görə ən aşağı ödəniş kimi deyil, iqtisadi inkişaf səviyyəsi, əmək məhsuldarlığı, orta aylıq əməkhaqqı, milli valyutanın alıcılıq qabiliyyəti, sosial müavinətlərin həcmi, əsas sosial-demoqrafik qruplar üzrə yaşayış minimumu, həmçinin məşğulluğun qorunması və artırılması kimi göstəricilər nəzərə alınmaqla müəyyən ediləcək. Bu yanaşma minimum əməkhaqqının real yaşayış şəraitinə uyğunluğunu artırmaqla onun sosial müdafiə aləti kimi əhəmiyyətini gücləndirir.

İqtisadçı ekspert Əkrəm Həsənovun fikrincə, yeni dəyişikliklər minimum əməkhaqqının müəyyən edilməsində daha çevik və əsaslandırılmış mexanizmin formalaşmasına şərait yaradır.

Ekspert qeyd edib ki, indiyədək minimum əməkhaqqı bir çox hallarda bazarda qiymət artımlarını və əhalinin gündəlik xərclərini tam əks etdirmirdi:

“Yeni model minimum əməkhaqqını makroiqtisadi göstəricilərlə birbaşa əlaqələndirir. Pulun alıcılıq qabiliyyəti və yaşayış minimumunun nəzərə alınması bu göstəricinin real həyat şərtlərinə daha uyğun olacağını göstərir. Bu isə xüsusilə azgəlirli ailələr üçün mühüm əhəmiyyət daşıyır”.

Əkrəm Həsənov əlavə edib ki, minimum əməkhaqqının orta aylıq əməkhaqqı və əmək məhsuldarlığı ilə uzlaşdırılması əmək bazarında tarazlığın qorunmasına xidmət edir:

“Minimum əməkhaqqının iqtisadi əsaslar nəzərə alınmadan artırılması biznes üçün əlavə yük yarada bilər. Yeni qanun bu riski öncədən nəzərə alır və artımların iqtisadi imkanlarla uyğun aparılmasını hədəfləyir. Bu da uzunmüddətli dövrdə məşğulluğun qorunmasına müsbət təsir göstərəcək. Eyni zamanda sosial müavinətlərin və məşğulluq səviyyəsinin bu prosesdə nəzərə alınması sosial siyasətin daha əlaqəli şəkildə həyata keçirilməsinə imkan verəcək. Minimum əməkhaqqı ilə sosial müavinətlər arasında tarazlığın qorunması insanları əmək fəaliyyətinə daha çox təşviq edəcək”.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.