Mingəçevirlilərin iş ümidi
Sübh tezdən axşamacan Mingəçevir Məşğulluq Mərkəzinin qarşısı insan axını ilə dolu olur. Onlardan bəziləri deyirlər ki, TV-dən işsizlərə müavinət ödəniləcəyi barədə xəbərlər aldıqlarə üçün bura gəliblər. Digərləri isə iş tapmaq ümidi ilə mərkəzin qarşısında öz növbəsini gözləyirlər. Onlar arasında gənclər daha çox üstünlük təşkil edir. Ramin Ələkbərli növbə tutmaq üçün gecə saat 3-dən burada dayandığını söyləyir.
Buraya toplaşan insanların üz-gözündə dərin kədər, həyəcan, qəzəb hiss olunur. Rasim Məmmədov bildirir ki, köhnə Toxuculuq Kombinatında söküntü işləri gedir: “Fəhlə işləmək üçün dəfələrlə müraciət etdim. Mingəçevirdən heç kimi işə götürmürlər. İşçiləri Gəncədən, Goranboydan gətirdiklərini dedilər. Niyə öz şəhərimizin işsizləri dura-dura başqa rayonlardan gətirilir işçilər? Niyə bizim kimi ehtiyacı olanlara verilmir həmin işlər?”
Səbuhi Hüseynov bazarda araba basdığını, iki övladını böyük çətinliklə dolandırdığını deyir: ”Sosial yardım almaq istədim. Getdim, dedilər iş yerindən arayış gətir. Əgər mən işləyirəmsə, neynirəm sosial yardımı. Elə maaşımı alıb ailəmi dolandıraram”
Sevinc Məmmədova atasız 3 övlad böyütdüyünü bildirir: ”Deyirlər uşaqlar bizim gələcəyimizdir. Bəs biz işləməsək, həmin uşaqları necə təmin edək ki, onlar acından ölməsinlər, bizim gələcəyimiz olsunlar. Mən üzümü sevdiyimiz, səs verdiyimiz insanlara tuturam. Səsimizə səs verin!”
Məhəmməd Məhərrəmovun sözlərinə görə, onlar əl açıb, kimdənsə imdad diləmək fikrində deyillər: “Heç hardan bir qəpik pul istəmirik. Bizi işlə təmin etsinlər, çörəyimizi əziyyət çəkib alın təriylə, zəhmətimizlə qazanaq. Biz pul yox, iş istəyirik. Şəhərimizdə geniş miqyaslı abadlıq quruculuq işləri gedir. Gözəl küçəli, gözəl şəhərdə yaşayırıq.Amma ac yaşayırıq”
Digər müsahiblərimiz də ailələrini dolandırmaq üçün istənilən şərtlərlə razılaşmağa hazır oldularını bildirdilər. “Hara gedirik, deyirlər iş yoxdu. Eşitdik ki, 6 ay ərzində işsizlər işlə təmin olunacaq, əgər təmin edə bilməsələr, həmin müddət üçün 60-70 manat məbləğində müavinat ödəyəcəklər. Ya müavinat versinlər, ya da bizi işlə təmin etsinlər. Əvvəllər zavodlar var idi. Göndərirdilər, işləyirdik. İndi bütün zavodlar bağlanıb”.
Məsələ ilə əlaqədar Məşğulluq Mərkəzinin direktoru İsmayıl Məmmədovla görüşdük. Hər gün bu qədər şəhər sakinlərinin kütləvi şəkildə Məşğulluq Mərkəzinin önünə yığışma səbəbini soruşduq. İsmayıl Məmmədov da etiraf etdi ki, ölkəmizdə baş verən böhran işsizliyin artmasına səbəb olub: “Son vaxtlar əsasən banklardan, başqa idarə və müəssisələrdən işçilərin ixtisarları aparılıb. Bu da işsizlərin artması ilə nəticələnib. Şəhər sakinləri arasında işləməyənlərə 70 manat məbləğində müavinat, ya da əvvəlki maaşının 70%-i məbləğində müavinət veriləcəyi barədə söz-söhbətlər yayılıb. Belə söz-söhbətlər isə əhalinin kütləvi şəkildə bura axınına gətirib çıxarıb. Lakin bununla bağlı hələ ki, bizə heç bir konkret göstəriş verilməyib. Məşğulluq haqqında qanun var və biz də bu qanunun tələbləri ilə işləyirik. Həmin qanuna görə, fərdi əməklə məşğul olan, adına torpaq sahəsi olan, təqaüd alan vətəndaşlar heç də işsiz sayılmır”.
İ.Məmmədovun fikrincə, ölkədə baş verən böhran bir çox müəssisə və təşkilatlarda işçilərin ixtisarına səbəb olub. Bu da işsizliyin daha da artmasına gətirib çıxarıb: “Bu gün işsizlik ən qlobal məsələlərdən biridir. Cənab Prezidentimiz İlham Əliyev başda olmaqla bu məsələyə ciddi yanaşılır. Ona görə də bütün nazirliklərə və qurumlara boş iş yerləri barədə Məşğulluq Mərkəzlərinə məlumat verilməsi tapşırılıb. Bu gün bizə boş olan yeni iş yerlərinin siyahısı göndərilib. Hazırda abadlıq işlərinin görülməsi ilə bağlı 200 nəfər işçi tələb olunur. Bizə müraciət edən insanlara bu iş yerlərini təklif edirik.Təəssüf ki, əksəriyyət 125 manatlıq məbləğində maaşı olan işi istəmir, amma 70 manat müavinat istəyir. Deyirlər ki, biz iş yox, müavinat istəyirik”.
Şərhlər bağlıdır.