Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirli gənclər nə istəyir?

482

Samrin Xanlayev “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinə yeni sədr və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İdarə heyətinə üzv seçilib.

-Salam, Samrin bəy, öncə sizi təbrik edir, yeni vəzifənizdə uğurlar arzulayırıq. Sədri seçildiyiniz təşkilatla bağlı məlumat almaq istərdik.

-“İşıqlı Gələcək” GİB 2013-cü ildə yaradılıb. Məqsədi Mingəçevir və ölkə gəncliyinin hərtərəfli inkişafına, gənclərin sosial aktivliyinin artırılmasına dəstək olmaq, onların vətənpərvər ruhda tərbiyəsində yaxından iştirak etməkdir. Hədəf və məqsədlərə çatmaq üçün kifayət qədər işlər görülüb, genişmiqyaslı layihələr həyata keçirilib.

-Hazırda davam edən hansı layihələriniz var, gənclər üçün nə kimi imkanlar yaradırsınız?

-Hazırda İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı tanıtmaq məqsədilə “Əsrin dastanı” layihəsi həyata keçirilir. Bu günə qədər gənclərin könüllü fəaliyyətə cəlb olunması və onların yeni təcrübələr qazanmasına dəstək olan təşkilatımız könüllülər üçün yeni proqram elan edib, onların şəxsi inkişafı və gələcək karyerasında uğur qazanması məqsədilə yeni prinsiplər müəyyənləşdirib. Gənclərin aktivliyinin artırılması, onların təşkilatımızla bağlı məlumatlılığının artırılması və motivasiyasının yüksəldilməsi məqsədilə müxtəlif proqram, təlim, seminar və müsabiqələr keçirilir.

Yaxın günlərdə yeni layihələrə start verəcəyik. Onlardan “Vətən mənəm!”, “Qorumağa özündən başla” layihələrini qeyd edə bilərəm. Birincisi gənclərə vətənpərvərlik ruhunun aşılanması və gücləndirilməsi, digəri isə infeksion xəstəliklərə yoluxma və onların profilaktikası üsulları istiqamətində maarifləndirmə tədbirlərini əhatə edir. Həmçinin KİM adlı yeni layihəmizi təqdim edəcəyik. Öncədən layihənin mahiyyəti haqqında məlumat vermək istəmirəm. Gənclərin istəklərinə uyğun olaraq, bir sıra ideyalar üzərində işləyirik. Qısa zamanda sosial şəbəkələr və KİV üzərindən digər layihələr haqqında da məlumat veriləcək.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İdarə heyətinin üzvü seçilməyiniz təşkilatın işinə nə kimi töhvə verəcək?

-Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ölkədə fəaliyyət göstərən təşkilatları özündə birləşdirməklə, onların fəaliyyətinə hər zaman dəstək olub. “İşıqlı Gələcək” GİB olaraq biz uzun müddətdir ki, NAYORA ilə əməkdaşlıq edirik. Düşünürəm ki, bundan sonrakı dövrdə fəaliyyətimizdə daha böyük uğurlara imza atacağıq. Həmçinin bu seçilmə gənclərin paytaxt və regionlarda, həmçinin xaricdə keçirilən təlim və seminarlarda aktiv iştirakı, regionda yaşayan gənclərin ehtiyaclarının dərindən öyrənilməsi, birlikdə yeni və daha genişmiqyaslı layihələrin işlənib hazırlanmasında da effektiv olacaq.

-Mingəçevir gəncləri nə istəyir və birlik olaraq bu istəkləri nə dərəcədə təmin edə bilirsiniz?

-Mingəçevir gəncləri hər zaman öz aktivliyi, dünyagörüşü ilə fərqlənib. Onlar nə istədiklərini bilir, dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkədə uğurlu islahatların həyata keçirilməsində yaxından iştirak edir, öz düşüncə və həyata baxışları ilə baş verən hadisələrə münasibətlərini bildirirlər. Mingəçevir gəncləri cəmiyyətin aktiv üzvü olmaq, işsizlik problemlərinin aradan qaldırılmasını, şəxsi və karyera həyatlarında uğur qazanmaq üçün layihələrin işlənib hazırlanmasını, təşəbbüslərinin dəstəklənməsini, fikirlərinə dəyər verilməsini istəyir. Biz də onların fikirlərinə hörmətlə yanaşır, onların təşəbbüslərinin həyata keçirilməsinə dəstək olmağa çalışırıq. Yaxın zamanlarda yeniliklərlə gənclərimizi sevindirməyə davam edəcəyik. Gənclərdən istəyim öz fikirlərini bizimlə bölüşməyə və fəaliyyətimizdə yaxından iştirak etməyə davam etmələridir. Çünki biz birlikdə güclüyük!

Şərhlər bağlıdır.