Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Mingəçevirdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə təlim, qiymətləndirmə əməliyyatı həyata keçirib.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, FHN-in Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən keçirilən təlimlər şəhərdə insanların və nəqliyyatın ən çox hərəkətdə olduğu mərkəzi bazar ətrafında baş tutub. Şərti yanğın təhlükəsi və mövcud durumun qiymətləndirilməsi məqsədi daşıyan təlim zamanı yanğınsöndürmə maşınları səs siqnalları ilə şərti yanğın yerinə yaxınlaşmağa çalışıb. Cəmi bir neçə dəqiqə ərzində baza nöqtəsindən hadisə yerinə yetişən briqada və onların istifadəsində olan texnika şərti yanğın yerində çətinliklərlə üzləşib. Avtomobillərin ərazidə nizamsız və nəzarətsiz saxlanılması yanğınsöndürən avtomobillərin keçidinə ciddi əngəl yaradıb. Bu isə mümkün ola biləcək hər hansı yanğın hadisəsində yanğınsöndürmə briqadalarının hadisə nöqtəsinə gedərkən vaxt itkisi ilə üzləşəcəyi qənaəti yaradır. Eyni zamanda yanğın hadisələri zamanı istifadə üçün nəzərdə tutulan su hidratlarının ətrafının, yerləşdiyi sahələrin nəqliyyat vasitələrinin nizamsız parklanması səbəbindən lazımi anda xüsusi texnikalar üçün keçilməz olduğu müəyyən edilib.
Təlimlərin yekunları ilə bağlı açıqlama verən Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Elnur Babayev insanların və nəqliyyatın sıx hərəkətdə olduğu şərti yanğın ərazisində ciddi nizamsızlığının şahidi olduğunu bildirib: “Məqsədimiz mövcud durumu görüb dəyərləndirmək idi. Hesab edirəm ki, ən qısa zaman ərzində ərazidə yanğın təhlükəsizliyi ilə əlaqədar qeydə alınan problemlər aradan qaldırılmalıdır. Bu məqsədlə əməkdaşlarımız aidiyyatı qurumlarla əlaqə yaradacaq, müvafiq obyekt sahibləri və qaydalara əməl etməyən vətəndaşlara qarşı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək”.
Elnur Babayev bildirib ki, belə tədbirlərin keçirilməsinin əsas məqsədi yanğın hadisələrinin sayının minimuma endirilməsidir.
Yeni dərs ili qarşısında Mingəçevirdə nişanlanma xətləri və piyada zolaqları yeniləndi STP şirkətlər qrupu Türkiyəyə minlərlə ağac ianə etdi Mingəçevirdə karantin qaydalarını pozan dörd şadlıq evinin icarədarları cəzalandırıldı
Şərhlər bağlıdır.