Mingəçevirdə təhlükəsiz şəhər xidməti yaradılıb
Ölkəmizdə Azərbaycan polisi hər zaman ictimai asayişin və sabitliyin qorunmasında ayıq-sayıq dayanır. Dövlətçiliyimizə sədaqətlə xidmət edən Azərbaycan polisi bu gün də ölkəmizdə keçirilən I Avropa Oyunları zamanı öhdəsinə düşən vəzifəni şübhəsiz ki, layiqincə yerinə yetirəcək. Artıq idman oyunlarının başlanmasına saylı günlər qalıb. Oyunların sabit şəraitdə keçirilməsində əsas vəzifə də elə güc strukturlarının üzərinə düşür.Bununla bağlı bəzi suallarımıza aydınlıq gətirmək üçün Mingəçevir Şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Ələsgər Bədəlovla görüşüdük. Polis rəisi bildirdi ki, I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin xüsusi tədbirlər planı var: “Ümumiyyətlə, birinci Avropa oyunlarının keçirilməsi ilə bağlı paytaxtla yanaşı Mingəçevirdə də ictimai təhlükəsizliyin təmin olunması üçün tədbirlər planına uyğun olaraq hər bir nöqtədə asayişın qorunması üzrə qərargah yaradılıb. Mingəçevirdəki qərargaha rəhbərlik etmək mənə tapşırılıb. Respublika Dövlət Yol Polisi, Su nəqliyyatı polisi və ətraf rayonlardan cəlb olunan polis bu qərərgahdan idarə olunacaq. Bu heyət həm olimpiya kəndində, həm də Kür OTİM-də yerləşəcək. Asayişin təmin olunmasında marşurut boyu ayrı-ayrı qruplar yaradılır və qrupların rəhbərləri də təyin olunur. Onu da bildirim ki, bunun üçün bir neçə dəfə Daxili Qoşunların və nazirlik rəhbərliynin iştirakı ilə təlim-məşq toplantısı keçirilib, qüvvələrin sayı, yeri, qarşıda duran vəzifələri yoxlanılıb. Ona görə də deyə bilərəm ki, biz Mingəçevirdə asayişin qorunması tədbirinə tam hazırıq. Bu arada Daxili İşlər Nazirliyi, əvvəlcədən planlaşdırdığı kimi, şöbənin yeni nəqliyyat vasitələri ilə də təmin edib. Həmçinin xarici vətəndaşlarla ünsiyyət zamanı çətinlik çəkməmək üçün 30 polis işçisi Daxili İşlər Nazirliyinin vəsaiti hesabına ingilis dili kurslarına cəlb edilib. Bu işlər artıq yekunlaşıb. Polis əməkdaşlarımız əl ratsiyaları və müxtəlif texniki vasitələri ilə də təchiz olunublar”.
Azərbaycan tarixində ən böyük idman tədbiri olacaq Avropa Oyunları Mingəçevir şəhərinin dünya səviyyəli idman məkanı kimi tanıtmağa kömək edəcək. Belə ki, artıq şəhərə müxtəlif ölkələrin idmançıları, xarici ölkələrin ölkəmizdəki diplomatik korpuslarının nümayəndələri, bu şəhərə səfər edir, şəhərdə yaradılan quruculuq, abadlıq, səliqə-səhmanla tanış olur və gördükləri mənzərəyə heyranlıqlarını bildirirlər. Avropa Oyunları zamanı təhlükəzsiliyin təmin olunması əsas şərtlərdən biridir : “Şəhərin 30 nöqtəsində ən müasir müşahidə kameraları quraşdırılıb və təhlükəsiz şəhər xidməti yaradılıb. Bundan əlavə polisin digər əməliyyat xidmətləri də var ki, əvvəlcədən nəyisə aşkar etmək və qarşısını almağa imkan verir. Oyunlar zamanı kimsə narahatlıq yarada bilər, hətta asayişi pozmağa cəhd edən adamlar da ola bilər, burada həm mətbuatın və yerli televiziyanın da üzərinə böyük məsuliyyət düşür. Əhali arasında maarifləndirici tədbirlər keçirmək lazımdır. Bir məqamı da vurğulayım ki, bizim sürücülər dəfələrlə şəhər ərazisində keçirdiyimiz reydlərə baxmayaraq, küçənin hər iki istiqamətində avtomobili park edirlər. Təbii ki, bu da nəqliyyatın və piyadaların hərəkətinə maneələr törədir. Dünyanın heç bir ölkəsində küçənin sağında-solunda avtomobili saxlamırlar. Bunu üçün ictimai təpki də lazımdır.Yeri gəlmişkən, qeyd edim ki, yaxın günlərdə bununla bağlı tədbir görüləcək. Biz şəhər icra hakimiyyətinə müraciət etmişik ki, oyunlar zamanı həm Olimpiya kəndinin, həm də Tədris İdman Mərkəzinin ətrafında parklanma yerləri ayrılsın. Artıq parklama yerləri də ayrılmışdır.Təhlükəsizlik tədbirləri Nazirliyin kollegiyasında da müzakirə olunur və mütamadi Nazirliyin rəhbərliyi bununla bağlı maraqlanır. May ayında daha böyük təlim məşqlərinin keçiriləcəyi gözlənilir. Təhlükəsizlik tədbirləri həm sudan və havadan, həm də qurudan qorunmaqla bağlı olacaq. Yarışların keçirildiyi, həm də idmançıların yaşadıqları ərazilərin mühafizəsi tam təmin olunacaq. Ən çox məsuliyyət, təbii ki, asayiş qüvvələrinin üzərinə düşür .Ona görə də biz üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağıq”.
Şərhlər bağlıdır.