Mingəçevirdə sənayenin inkişafına dair müzakirə aparılıb
İqtisadiyyat və Sənaye Nazirliyi martın 12-də Mingəçevirdə “Azərbaycan Respublikasında sənayenin inkişafı: nailiyyətlər, perspektivlər” mövzusunda dövlət qurumlarının, müəssisə və təşkilatların, sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüş keçiriblər.
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini İlham İsmayılov Azərbaycanın bölgələrində həyata keçirilən abadlıq-quruculuq işlərinin Mingəçevirdə də sürətlə davam etdirildiyini, sahibkarlıq təşəbbüslərinin dəstəkləndiyini, müasir infrastruktur və istehsal müəssisələrinin yaradıldığını, yeni iş yerlərinin açıldığını və əhalinin həyat səviyyəsinin daha da yüksəldiyini diqqətə çatdırıb.
Azərbaycanın son illər qazandığı sosial-iqtisadi uğurlardan danışan İqtisadiyyat və Sənaye Nazirliyinin sənaye şöbəsinin müdir müavini Ayaz Qədirov qeyri-neft sənayesinin inkişaf etdiyini, onun ixrac imkanlarının genişləndiyini diqqətə çatdırıb. Bildirib ki, müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək sənaye gücləri yaradılır.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin “Mingəçevir Sənaye Parkının yaradılması haqqında” 26 fevral 2015-ci il tarixli Sərəncamına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Parkın yaradılması istiqamətində müvafiq işlərə başlayıb: “Mingəçevirdə sənaye parkının yaradılması iqtisadi cəhətdən fəal şəhər əhalisinin, o cümlədən şəhərdə məskunlaşan qaçqın və məcburi köçkünlərin işlə təmin olunmasında mühüm rol oynayacaqdır. Parkın ərazisində qeyri-neft sənaye sahələri, o cümlədən yüngül sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulur.
Tədbirdə Mingəçevir Sənaye Parkının yaradılmasının və tətbiq ediləcək güzəştlərin xarici investisiyaların cəlb edilməsində əhəmiyyəti, yeni texnologiyaların, “know-how”, eləcə də digər bilik və bacarıqların tətbiqinin sənaye potensialının inkişafına müsbət təsir göstərəcəyi diqqətə çatdırılıb.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor vəzifəsinin icraçısı Nazim Talıbov dövlət başçısı tərəfindən ölkə iqtisadiyyatının şaxələndirilməsi, onun neftdən asılılığının minimuma endirilməsi üçün ən müasir texnologiyaların gətiriləcəyini, yüksək rəqabət qabiliyyətli məhsulların istehsalının mühüm vəzifə kimi qarşıya qoyulduğunu qeyd edib.
Vurğulanıb ki, hazırda Azərbaycanda 3 sənaye və 2 yüksək texnologiyalar parkı yaradılıb. Bu gün sənaye parkları investisiya layihələri üçün regionda ən cəlbedici güzəştlər və stimullaşdırıcı tədbirlər portfelini təklif edir. Digər sənaye parklarında olduğu kimi, Mingəçevirdə yaradılacaq sənaye parkının rezidentləri də 7 il müddətinə əmlak, torpaq və mənfəət vergisindən, həmçinin Sənaye Parkına idxal etdikləri avadanlıqlara görə ƏDV-dən azad olunacaqlar. 14.8 hektar ərazidə yaradılan Mingəçevir Sənaye Parkının idarəedici təşkilatı “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir.
Tədbirdə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” barədə də məlumat verilib. Qeyd olunub ki, qarşıdakı illərdə sənayenin inkişaf istiqamətlərinin müəyyənləşdirildiyi Dövlət Proqramında sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm məqsədlər irəli sürülüb. Proqramda sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, sənaye zonaları və klasterlərinin qurulması, kadr potensialının və elmi təminatın gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi və digər mühüm istiqamətlər nəzərdə tutulub.
Sahibkarlar sənaye məhsullarının ixrac və rəqabət qabiliyyətinin artırılması istiqamətində görüləcək işlər barədə məlumat veriblər.
Şərhlər bağlıdır.