Cəmiyyət

Mingəçevirdə “Region Könüllülərinin İnkişaf Forumu” keçirilib

2019-cu ilin ictimai fəaliyyətdə fərqlənən ən fəal gəncləri və gənclər təşkilatları fəxri fərmanlarla təltif edilib

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı, Mingəçevir Dövlət Universiteti, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Mingəçevir Regional ASAN Xidmət Mərkəzinin tərəfdaşlığı ilə “Region Könüllülərinin İnkişaf Forumu” keçirilib.

Forumdan əvvəl gənclər Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə qarşısına gül qoyaraq hörmət və ehtiramlarını bildiriblər.

Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda Şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Forumda Mingəçevir Gənclər Evi, Mingəçevir Dövlət Universiteti, Mingəçevir şəhər Regional ASAN Xidmət Mərkəzi, “İşıqlı Gələcək” GİB, “Region Könüllüsü” Gənclər Hərəkatının könüllüləri, gənclər və mediya nümayəndələri iştirak edib. Forumun moderatoru könüllü və qonaqlara “Region Könüllülərinin İnkişaf Forumu”nun təşkilində əsas məqsədin regionda könüllülər arasında şəbəkələşməni yaxşılaşdırmaq, könüllülərlə işi daha da təkmilləşdirmək olduğunu bildirib. “Region Könüllüsü” Gənclər Hərəkatının yaradılması təşəbbüsü, qarşıya qoyulan məqsəd və vəzifələr həmçinin hərəkata üzvlüklə bağlı əsas məqamları iştirakçıların diqqətinə çatdırıb.

Sonra isə “Region Könüllüsü” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən və gələcəkdə keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı iştirakçıları məlumatlandırıb. Qeyd edək ki, “Region kölüllüsü” gənclər hərəkatı Mingəçevir Gənclər Evinin təşəbbüsü ilə bir qrup gənc tərəfindən formalaşdırılıb. Burada əsas məqsəd regionlarda könüllü fəaliyyətinin təbliğ edilməsi, yeni və daha fərqli layihələrin, təlim proqramlarının icra edilməsidir.

Daha sonra forum iştirakçıları 2 fevral Gənclər Günü ilə əlaqədar Mingəçevir Gənclər Evi tərəfindən hazırlanan və gənclərin könüllü fəaliyyəti ilə yanaşı, xarici ölkələrdə yaşayan gənclərin Mingəçevir gənclərinə təbriklərini özündə birləşdirən videoroliki izləyib. Forum moderator və gənclər tərəfindən spikerlərə ünvanlanan sualların  cavablandırılması ilə davam edib.

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov 2020-ci ilin “Könüllülər ili” elan olunması ilə bağlı bütün könüllüləri təbrik edib, bu hadisəni könüllülərə və onların əməyinə verilən qiymət kimi dəyərləndirib. Öz könüllülük fəaliyyəti ilə bağlı məqamları iştirakçılarla bölüşən Şahin Bayramov təhsil aldığı müddət ərzində könüllülər üçün bu qədər geniş imkanlar olmadığını qeyd edib. Xaricdə təhsil aldığı zaman könüllü kimi fəaliyyət göstərdiyini bildirən rektor ölkəmizin tanıdılmasına çalışdığını deyib.  Oxşar və fərqli məqamlardan danışan Şahin Bayramov bu gün ölkəmizdə könüllü kimi fəaliyyət göstərən kifayət qədər gənc olduğunu və könüllü fəaliyyətin bir hərəkat halı aldığını bildirib, gənclərə onlar üçün yaradılan imkanlardan maksimum şəkildə faydalanmağı tövsiyə edib.

Daha sonra çıxış edən Mingəçevir Regional ASAN Xidmət Mərkəzinin direktoru Elxan Cəfərov könüllülərin seçimi zamanı nizam-intizamlı, məsuliyyətli, təşəbbüskar, diqqətcil, öyrənməyə həvəsli və inkişaf etməyi qarşısına məqsəd qoyan tələbə gənclərə üstünlük verdiklərini bildirib: “Könüllü fəaliyyət gənclərə gələcək karyera həyatındakı gözləntiləri bilməyə fürsət yaradır.”

Gənclərin sualını cavablandıran Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli könüllülərin fəaliyyətinin həm gənclər, həm də mərkəz üçün olduqca faydalı olduğunu söyləyib. Gənclərin dünyagörüşü, şəxsi inkişafına təkan verməklə yanaşı, könüllü əməyinin müəssisə əməkdaşlarının işini asanlaşdırdığını deyən Kamal Nəcəfli könüllülərin gün ərzində fərqli insanlarla ünsiyyətdə olduqlarını, bunun isə ünsiyyət bacarıqlarının formalaşmasına müsbət təsir göstərdiyini bildirib. Sosial problemlərin həllində könüllü fəaliyyətin rolu ilə bağlı gənclərin sualını cavablandıran Gənclər və İdman İdarəsinin rəisi çoxsaylı sosial layihələrin gənclərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onların potensialını üzə çıxarmaqda faydalı olduğunu qeyd edib.

Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov öncəki illərlə müqayisədə könüllü fəaliyyət sahəsində müsbət mənada dəyişikliklərin olduğunu bildirib. Tələbə olduğu zaman gənclərlə parklarda bir araya gələrək müxtəlif ideyalar üzərində çalışdıqlarını deyən müəssisənin direktoru bu layihələri çətinliklə də olsa, böyük sevinc hissi ilə həyata keçirdiklərini bildirib. Bu gün isə könüllülər üçün lazımı qədər şərait yaradıldığını, Gənclər Evləri, müxtəlif qurumların könüllülərin fəaliyyətinə daim dəstək olduğunu vurğulayıb. Tural Kərimov 2020-ci il, məhz “Könüllülər ili”ndə Mingəçevir Gənclər Evi olaraq könüllülər üçün yeni imkanlar yaradılacağını bildirib. Avropa Könüllülük Komissiyasına yenidən üzvlüklə bağlı müraciət olunacağını deyən Tural Kərimov qeydiyyaın təsdiqlənməsi ilə yenidən Avropadan könüllülər qəbul edəcəklərini, şəhərimizdə yaşayan və təhsil alan gənclərin 1 aydan 1 ilə kimi müxtəlif Avropa ölkələrində könüllü fəaliyyət keçmək üçün göndəriləcəklərini iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra forum iştirakçılarının fikirləri dinlənilib. 2019-cu ilin ictimai fəaliyyətdə fərqlənən ən fəal gəncləri və gənclər təşkilatları fəxri fərmanlarla təltif edilib.

Sonda Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov forum iştirakçılarına öz təşəkkürünü bildirib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Bu gün böyük bir əməkdaşlığın və hərəkatın əsasının qoyulduğunu qeyd edib. Direktor forumun öz müsbət nəticələrini qısa zamanda göstərəcəyinə əmin olduğunu bildirib. Forum xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Tag
Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close