Mingəçevirdə kino bayramı başladı
Noyabrin 19-da Mingəçevirdə növbəti CAUCADOC sənədli filmlər festivalına start verildi. “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai birliyi festivalın açılışını Mingəçevir Politexnik İnstitutunun akt zalında etdi. Tədbirin təşkilində institutun Debat Mərkəzinin üzvlərinin böyük zəhməti oldu. Tamaşaçılar arasında olan digər ali və orta ixtisas məktəblərinin nümayəndələri, 200-ə yaxın tələbə və müəllim heyəti “Xarabalıq hekayələri: Qyuri” və “Bizim məktəb” filmlərinə baxdılar. Filmlərdən sonra müzakirələr keçirildi. Ağdamdan olan məcburi köçkün Əhməd filmdə nümayiş olunan epizodlara laqeyd qala bilmədi: “Mən o uşağın yerində özümü gördüm, çünki mən də o acı taleyi yaşamışam. Hər şeydən məhrum olmaq, kasıblıq içində yaşamaq mənim də qismətimə düşüb. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Onu yalnız yaşayanlar bilər”.
Ekspert Aynur Elgünəş hər iki filmin qəhrəmanlarının ayrı-seçkiliyə məruz qalmasının bəşəriyyət üçün təhlükəli olduğundan danışdı.
Bu ilin aprel ayında birinci festivala ev sahibliyi edən Mingəçevir Valideynlər Assosiasiyasi 3 gün ərzində Mingəçevir Media Mərkəzində 9 sənədli filmin nümayişini təşkil etmişdi. Bu dəfəki kino bayramında isə insan haqlarından bəhs edən 5 filmin nümayişi və müzakirəsi pıanlaşdırılıb. Festivala Gürcüstan və Bakıdan gələn qonaqlar tələbələrin fəallığına, maraqlı fikirlər irəli sürdüklərinə heyran qaldiqlarını gizlətmədilər. Festivalın ilk günü ciddi müzakirələr və qonaqların ürək sözləri ilə başa çatdı.
Şərhlər bağlıdır.