Mingəçevirdə Ermənistanın təcavüzü nəticəsində ziyan görən 41 tikilinin bərpası yekunlaşıb – FOTO
Ötən il 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Mingəçevir şəhərində 40-dan çox tikiliyə ziyan dəyib. APA-nın yerli bürosunun xəbərinə görə, dövlət başçısının tapşırığına əsasən, artıq 1 yaşayış evi yenidən tikilərək sahibinə təhvil verilib, 41 tikilinin təmir-bərpası yekunlaşdırılıb, digər 2 yaşayış evində isə işlər bitmək üzrədir. Yaxın günlərdə Mingəçevir şəhəri üzrə bütün işlərin yekunlaşdırılması nəzərdə tutulur.
Şəhər sakini Əlvanə Həmidova bildirib ki, düşmən raketinin qonşuluğa düşməsi nəticəsində evi xeyli dağıntıya məruz qalıb, özü isə ayağından yaralanıb: “Dövlətimiz var olsun, dağılan evləri, hasarları yenidən tikib bizə verdi”.
Şəhər sakini Vüqar Cəfərov da evinin müharibə dövründə zərər gördüyünü deyib: “Dövlətimiz sağ olsun, evimizi bərpa etdi”.
Digər sakini Elşad Vəliyev isə bildirib ki, əraziyə raket düşməsi nəticəsində evinə, hasarına ziyan dəyib: “Dövlətimiz bizlərə sahib çıxdı, çox sağ olsunlar”.
Qeyd edək ki, 11 şəhər və rayon ərazisində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir. 11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib ki, hazırki mərhələdə onlardan 12000-dən çox (yeni rəqəmdir- 01.11.2021) yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.
Şərhlər bağlıdır.