Mingəçevirdə baş verən avtoqəzada 13 deyil, 17 nəfərin xəsarət alması ilə bağlı yeni məlumat üzə çıxdı
Xəbər verdiyimiz kimi, mayın 24-də Mingəçevirdə “Opel” markalı minik avtomobilinin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb. 4 nəfər stasionar müalicəyə götürülüb, 9 nəfər isə ambulator yardımdan sonra evə evə buraxılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Polis İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, ekspertiza təyin edilib.
Şahidlərin sözlərinə görə, hadisə Mingəçevir şəhərindəki “Şəfa” bağlar massivinin 4-cü küçəsində avtomobil sürməyi öyrənən qadın sürücünün ehtiyatsızlığından baş verib. Elnarə Abdullayevanın dediyinə görə, həyətdə qonşularla bayram süfrəsi arxasında oturan zaman anidən “Opel “markalı avtomobil onların darvazasına çırpılıb: “Hadisəni qonşuluqda yaşayan ailənin xanımı törədib. Həyat yoldaşı ona avtomobil sürməyi öyrədirmiş. O da idarəetməni itirib, avtomobili darvazaya çırpıb. Bu zaman darvazanın qarşısında 17 nəfər var idi, onların əksəriyyəti azyaşlı idi. Hamısı da xəsarət aldı. Qonşular təcili yardım gələnə kimi yaralıları öz avtomobillərilə xəstəxanaya çatdırdılar”.
Mingəçevir xəstəxanasının uşaq revmotoloqu, növbətçi həkim Şıxəli Aşurov açıqlama verib ki, kəllə-beyin travması alan 2015-ci təvəllüdlü Məmmədli Səccad Anar oğlu ağır durumda olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. 2010-cu ildə doğulan Salahzadə Ramal Habil oğlunun da vəziyyəti ağırdır. 10 yaşlı Şirinov Nuran Nurcuma oğlu və 5 yaşlı Dostməmmədov Mehdi Dostməmməd oğlunun vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Balaca Fəqan həmin anı belə xatırlayır: “Şirin çörək yeyirdik, birdən maşın qəflətən üstümüzə gəldi. Həyətdə 13 uşaq, 8 qadın var idi. Maşın üstümüzə gələndə bilmədik hara qaçaq. Mən çox qorxdum, qaça bilmədim, maşının altında qaldım, anam məni dartıb çıxartdı. İndi qolum çox ağriyir”.
Fəqanın anası Nuranə Şirinova bildirir ki, qəzada iki oğlu xəsarət alıb: ”Hadisə zamanı mənim uşaqlarımın ikisi də maşının altında qaldı. Zorla çəkib çıxartdım. Birinin qolu qırılıb, o biri oğlumun isə barmaqları zədələnib”.
N.Şirinova onu da əlavə etdi ki, xəstəxanada böyük oğlunun qolunu gipsə salıblar, amma kiçik oğluna heç bir yardım göstərməyiblər: “Dedilər ki, apar, rentgen çıxartdır. Mən də bilmədim hara aparım, heç bir yerə apara bilmədim. Uşağı evə gətirib özümüz barmaqlarını sarımışıq. İndi narahatam: onun vəziyyəti necə olacaq? İmkansız ailəyik, xəstəxanaya gedib gələ də bilmirik. Bizimlə heç maraqlanan da yoxdur”.
Şərhlər bağlıdır.