Mingəçevir su hövzəsində reyd zamanı nə üzə çıxdı?
Son günlər mətbuatda Kür çayının Mingəçevirdən keçən hissəsində qanunsuz balıq ovu edildiyi, torlar qurulduğu barədə xəbərlər yayılıb. Hətta bu torların avarçəkənlərin hərəkətinə də çətinlik yaratdığı bildirilib. Mövcud vəziyyəti yerində yoxlamaq üçün çayın Mingəçevir şəhəri ərazisindən Yevlax rayonunun Varvara Su Elektrik Stansiyasınadək olan su hövzəsində reyd keçirilib. Su Polisinin və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları qanunsuz balıq ovu, bu tip vasitələrin avarçəkənlərin təlim-məşq toplantılarına yarada biləcəyi çətinlikləri müəyyənləşdirməyə çalışıblar. Kür çayında qayıqlarla müşahidilər aparılan zaman plastik qab və iplərdən hazırlanan istiqamətverici buylar aşkarlanıb. Bunlar balıq ovuna aid olmasa da, iplərdən kəsilərək yığışdırılıb .
Kür Olimpiya Tədris İdman Mərkəzindən isə çay hövzəsində təlim məşqlər üçün nə yerli, nə də əcnəbi idmançıların indiyədək hər hansı texniki problemlə üzləşmədiyi bildirilib. Kürdə idmançıların rahat hərəkəti üçün xususi işarələr də qoyulub.
Varvara su anbarında bu ilin altı ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə keçirilən tədbirlər nəticəsində 4 qanunsuz balıq ovu faktı aşkarlanıb və cinayət faktı hüquq-mühafizə orqanlarına göndərilib.
Şərhlər bağlıdır.