Uncategorized

Mingəçevir Dövlət Universitetinin Vətən müharibəsi iştirakçısı olan məzununa bakalavr diplomu təqdim edilib

12 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 2020/2021-ci tədris ilində “Sənayenin təşkili və idarə olunması” ixtisası üzrə ali təhsilini başa vuran universitetin 44 günlük Vətən Müharibəsində iştirak etmiş tələbəsi Rizvan Yusibovla görüşüb. Görüşdə MDU-nun müvafiq inzibati heyət üzvləri də iştirak ediblər.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü və universitetdən məzun olması münasibətilə R.Yusibovu təbrik edən rektor möhtəşəm qalibiyyətdə pay sahibi olduğu üçün MDU ailəsinin bütün üzvlərinin onunla qürur duyduqlarını bildirib.

Əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda MDU-nun 4 əməkdaşının, 120 tələbə və məzununun iştirak etdiyini, 5 məzunun isə şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdıran Ş.Bayramov Vətən yolunda canından keçən qəhrəmanlarımıza rəhmət, qazilərimizə isə şəfa diləyib.

Şəhid məzunların adlarının əbədiləşdirilməsi və göstərdikləri şücaətlərin tələbələrə ötürülməsi istiqamətində MDU-da görülən işlər barədə məlumat verən rektor gənclərin vətəninə, xalqına və dövlətinə layiq vətəndaş kimi yetişdirilməsinin diqqət mərkəzində saxlanıldığını bildirib və bununla bağlı həyata keçirilən tədbirlərdə müharibə iştirakçıları və qazilərin iştirakının önəmini vurğulayıb.

Səmimi görüşə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkür edən R.Yusibov qalib Ordunun qalib əsgəri kimi Vətənə xidmət etməkdən qürur duyduğunu bildirib.

Tələbələrin vətənpərvərlik ruhunda hərtərəfli inkişafına xüsusi önəm verən MDU-nun məzunu olmağı ilə fəxr etdiyini bildirən R.Yusibov əldə etdiyi uğurların arxasında müəllimlərinin böyük zəhmətinin dayandığını qeyd edib və onlara minnətdarlığını çatdırıb.

Son dövrdə universitetdə məzunlarla, xüsusilə müharibə iştirakçısı və qazi məzunlarla, şəhid məzunların ailə üzvləri ilə sıx təmasların yaradılması istiqamətində görülən işlərdən məmnunluğunu ifadə edən R.Yusibov MDU ailəsinin üzvü adını bundan sonra da layiqli şəkildə daşıyacağına əminliyini bildirib.

Sonra rektor Ş.Bayramov universitetin Vətən müharibəsində iştirak etmiş məzunu R.Yusibova bakalavr diplomunu təqdim edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Qeyd edək ki, MDU-nun tələbəsi Rizvan Yusibov ötən ilin sentyabrın 27-dən başlanan 44 günlük Vətən müharibəsində iştirak edib. Döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Şucaətə görə” medalları ilə təltif olunub.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker