2020-ci ilin 15 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin “Pedaqoji” fakultəsinin qrup nümayəndələri ilə görüş keçirib. “Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşün əsas məqsədi mövcud şəraitdə tədrisin təşkili məsələlərinin müzakirə edilməsindən, tələbələrin arzu və istəklərinin dinlənilməsindən və onları maraqlandıran sualların cavablandırılmasından ibarət olub.
Görüşü açan Ş.Bayramov tələbələrə koronavirusla mübarizə istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər barədə məlumat verib və bu sahədə ölkəmizdə tətbiq olunan modelin beynəlxalq ictimaiyyət tərəfindən nümunəvi hesab edildiyini diqqətə çatdırıb. Rektor tələbələrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” 13.04.2020-ci il tarixli Qərarı barədə geniş məlumat verib. O, tələbələri karantin dövrünün tələblərinə riayət edərək evdə qalmaqda davam etməyə dəvət edib.
Ş.Bayramov mövcud şəraitdə MDU-da tədris prosesinin “Microsoft Teams” və “ZOOM” platformaları, eləcə də “Videodərslər” vasitəsilə təşkil edildiyini, tələbə və müəllim heyətinin hər üç metodla keçirilən dərslərdə fəal iştirak etdiyini bildirib. Mühazirə mətnlərinin əvvəlcədən tələbələrə göndərildiyini vurğulayan rektor tələbələrin malik olduqları İT avadanlıqları və internetə çıxış imkanlarına uyğun məsafədən tədris metodunu seçməkdə sərbəst olduqlarını diqqətə çatdırıb. Ş.Bayramov tələbələri MDU müəllimləri tərəfindən təqdim edilən dərslərdən faydalanmağa və online dərslərdə daha fəal iştirak etməyə çağırıb.
MDU-da tədrisin təşkili istiqamətində görülən işlərdən razı qaldıqlarını, online və offline formatda təqdim olunan dərslərdə həvəslə iştirak etdiklərini bildirən tələbələr karantin müddətinin nə vaxt bitməsi, imtahanların təşkili forması, kurs işlərinin yazılması, təcrübənin başa çatdırılması və digər məsələlərə dair çoxsaylı suallar veriblər. Sualları ətraflı cavablandıran Ş.Bayramov koronavirusla mübarizəyə dair sosial şəbəkələrdə irəli sürülən çoxsaylı təşəbbüslərdə fəal iştiraklarına görə gələcəyin müəllimi olan tələbələrə təşəkkürünü bildirib.
Şərhlər bağlıdır.