2021-ci ilin 4 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetin Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirib.
“Microsoft TEAMS” platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə çıxış edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, MDU-nun Tələbə Gənclər Təşkilatının Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən “İlin Tələbə Gənclər Təşkilatı” seçilməsi münasibətilə tələbə gəncləri təbrik edib.
Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, layiqli missiyası, təqdirəlayiq fəaliyyəti, ölkənin və regionun ictimai və sosial həyatına töhfəsi sayəsində MDU-nun tələbə gənclərinin tarixi Zəfər ilində bu mükafata layiq görülməsini əlamətdar hadisə olduğunu diqqətə çatdıran rektor regionda yerləşən universitetin, ilk dəfə olaraq, respublika səviyyəsində belə bir nailiyyət əldə etməsini mühüm uğur kimi dəyərləndirib.
Müasirləşmə və yeni dövrün universitetinə çevrilmə yolunda tələbə gənclərin fəallığının əhəmiyyətindən bəhs edən Ş.Bayramov onların MDU-nun idarəçiliyinə fəal qoşulması, gələcək karyera inkişafı, könüllülük fəaliyyəti, cəmiyyət həyatında aktiv iştirakı üçün yaradılmış imkanlardan və görüləcək işlərdən bəhs edib.
MDU-nun modernləşməyə doğru inamla irəlilədiyini vurğulayan rektor tələbə gənclərin universitetin çoxşaxəli fəaliyyətinə töhfələrinin davamlı olacağına əminliyini bildirib və onlara uğurlar arzulayıb.
Görüşdə çıxış edən tələbələr əldə etdikləri nailiyyətlərdə universitetdə yaradılmış əlverişli imkanların, göstərilən diqqət və qayğının böyük paya sahib olduğunu bildiriblər.
Qeyd edək ki, MDU-da tələbə gənclərin hərtərəfli inkişafı məqsədilə mövcud imkanların genişləndirilməsinə mühüm əhəmiyyət verilir, onların universitet və cəmiyyət həyatında fəal iştirakının dəstəklənməsi diqqət mərkəzində saxlanılır.
Şərhlər bağlıdır.