Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun AzEdu.az təhsil portalına müsahibəsi

    Koronavirusla mübarizə apardığımız bu günlərdə Mingəçevir Dövlət Universiteti öz fəaliyyətini necə qurur?

İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi ilə qlobal pandemiyaya qarşı mübarizə sahəsində ölkəmizdə sistemli şəkildə həyata keçirilən qabaqlayıcı və preventiv tədbirləri qeyd etmək lazımdır. Müsbət haldır ki, Azərbaycan virusun yayılmasının qarşısının alınması, infeksiyanın milli iqtisadiyyata mümkün mənfi təsirlərinin minimuma endirilməsi, ən əsası isə mövcud durumda vətəndaşların sağlamlığının və sosial rifahının qorunması istiqamətində atılan davamlı addımların məzmununa, miqyasına və təsir gücünə görə əksər dünya ölkələrini qabaqlayır. Dövlətimizin başçısının “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamını və bu məqsədlə bir milyard manat vəsaitin ayrılmasını xüsusi vurğulamq lazımdır.

Milli ali təhsilimizin tərkib hissəsi olaraq, Mingəçevir Dövlət Universiteti (MDU) də öz fəaliyyətini koronavirusa (COVID-19) qarşı hamılıqla mübarizə apardığımız mövcud şəraitdən irəli gələn tələblər çərçivəsində qurmağa çalışır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə müvafiq sərəncamı verildiyi ilk gündən etibarən MDU-da bütün kütləvi tədbirlərin ənənəvi formada keçirilməsi dayandırılıb.

Bu dövr ərzində Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət edilməsinin vacibliyi barədə MDU-nun tələbə, professor-müəllim və inzibati-texniki heyət üzvləri arasında davamlı maarifləndirmə işləri aparılır. Bu məqsədlə, koronavirus infeksiyasının əlamətləri, ondan qorunmağın yolları, şəxsi gigiyena, ciddi zərurət olmadığı hallarda evdən çıxmamaq və digər önəmli məsələlər barədə mütəmadi olaraq universitetin saytında və sosial şəbəkələrdə paylaşımlar edirik. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qərarları və rəsmi məlumatı gündəlik əsaslarla kollektivin bütün üzvlərinə çatdırmağa çalışırıq.

Bundan başqa, mart ayı ərzində MDU-nun bütün tədris binalarında, həyətyanı ərazilərdə, dəhlizlərdə, auditoriya və laboratoriyalarda, inzibati otaqlarda, idman zalında, kitabxanalarda, sanitar qovşaqlarda və digər köməkçi tikililərdə bir neçə dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Fürsətdən istifadə edərək, universitetdə davamlı tibbi-profilaktik işlərin aparılmasında fəal iştiraka görə Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşlarına təşəkkürümüzü bildiririk.

Mövcud şərtlər daxilində MDU-da cari idarəetmə necə qurulub?

Mart ayı ərzində MDU-da cari fəaliyyətimiz məsafədən idarəetmə və online kommunikasiya prinsipləri üzərində qurulub. Bu məqsədlə, müasir informasiya-kommunikasiya texnologiyalarının təqdim etdiyi bütün mümkün imkanlardan istifadə edirik. Bu yanaşma tədris, elm, maliyyə, kadr və digər məsələlər üzrə fəaliyyəti əhatə etməklə universitet idareəetməsinin bütün həlqələrində (rektorluq, dekanlıqlar, kafedralar, şöbələr və s.) tətbiq olunur. Nəticədə, həm Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən fəaliyyətimizlə bağlı verilən qərar və tapşırıqların vaxtında icra edilməsində, həm də universitet daxilində çevik kommunikasiyanın təmin olunmasında heç bir çətinlik yaranmayıb.

23 mart tarixində universitetimizin tarixində ilk dəfə olaraq MDU Elmi Şurasının iclası internet üzərindən online formatda keçirilib. Ənənəvi formada keçirilən Elmi Şura iclaslarından heç bir göstəriciyə görə geri qalmayan online iclasda koronavirusla mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən irəli gələn vəzifələr və yaranmış şəraitdə MDU-da tədrisin təşkili məsələləri müzakirə olunub.

Cari fəaliyyətimizin normal qaydada təşkilinin bariz nümunəsi olaraq, 20 mart tarixinədək universitet əməkdaşlarının mart ayı üçün əmək haqlarının, tələbələrin isə yanvar-fevral ayları üçün təqaüdlərinin tam ödənilməsi təmin edilib. Tələbələrin mart ayı üçün təqaüdlərinin yaxın iki gün ərzində ödənilməsi nəzərdə tutulub. Eyni zamanda, Novruz bayramı münasibətilə universitetin bütün əməkdaşlarına birdəfəlik maddi yardım verilməsi ilə bağlı MDU rektorunun müvafiq əmri icra olunub və sözügedən ödənişlər həyata keçirilib. Əlavə olaraq qeyd edim ki, 2020-ci ilin birinci rübündə universitet üzrə nəzərdə tutulan bütün sosial, vergi, kommunal və digər ödənişlərin tam ödənilməsi təmin edilib.

Hazırda MDU-da tədris prosesi necə təşkil olunur?

Mövcud şəraitdə qarşımıza qoyduğumuz əsas vəzifə tədris prosesində davamlılığın təmin edilməsindən ibarətdir. Mövcud infrastruktur imkanları və kadr potensialı nəzərə alınmaqla, cari ilin 17 mart tarixindən etibarən MDU-da dərslərin online və offline rejimdə təşkilinə start verilib. İlkin mərhələdə “ZOOM” platforması və “Videodərslər” kimi məsafədən təhsil texnologiyalarının imkanlarından istifadə etməyə başladıq. Hər iki metodun tətbiqi zamanı konkret mövzular üzrə mühazirə mətnləri elektron poçt vasitəsilə dərsdən əvvəl tələbələrə göndərilir. Başqa sözlə, tələbələr mühazirə mətnləri vasitəsilə əldə etdikləri bilik və bacarıqları “ZOOM” dərsləri və “Videodərslər” yolu ilə daha da gücləndirmək imkanı əldə edirlər.

Məsafədən təhsil sahəsində beynəlxalq təcrübədə geniş yayılmış “ZOOM” platformasının video-konferensiya alətinin tətbiqi ilə müəllim və tələbələr arasında bağlantı yaradırıq. Video-konferensiya müəllim və tələbələr arasında görüntülü və çoxtərəfli müzakirələrin aparılmasına imkan verir. Online və offline rejimdə fəaliyyət göstərən bu tətbiq tələbələr tərəfindən müəllimə həm şifahi, həm də yazılı sualların verilməsinə şərait yaradır. Həm kompyuter, həm də mobil tətbiqinin olması tələbələrin bu sistemə qoşulmasını asanlaşdırır. Dərslər əvvəlcədən müəyyən edilən dərs cədvəli əsasında təşkil olunur.

Qısa müddət ərzində tələbə və müəllimlərimizin yaxın dostuna çevrilmiş “ZOOM” platformasında keçilən dərslərin dekanlar, tyutorlar və Tədris şöbəsi əməkdaşları tərəfindən monitorinqi həyata keçirilir. Bu vaxta qədər, “ZOOM” platformasında 10 təqvim günü ərzində MDU üzrə 107 fənn üzrə 102 müəllim tərəfindən ümumilikdə 219 dərs keçilib. Başqa sözlə, universitetin professor-müəllim heyətinin 60%-inin cəlb olunduğu “ZOOM” tədrisində gündəlik orta hesabla 20 dərs təqdim olunub.

Eyni zamanda, alternativ tədris metodu qismində, universitetin professor-müəllim heyəti üzvlərinin iştirakı ilə hazırlanan “videodərslər” offline rejimdə Youtube kanalı vasitəsilə tələbələrin istifadəsinə verilir. Ev şəraitində müəllimlər tərəfindən hazırlanan “videodərslər” universitetin İnformasiya Texnologiyaları mərkəzində ümumi formata uyğunlaşdırıldıqdan sonra MDU-nun Youtube kanalında yerləşdirilir. Bu metodun əsas üstünlüyü tələbələrin “videodərslər”ə cədvəl üzrə konkret dərs vaxtı deyil, özləri üçün uyğun olan istənilən vaxtda (həm də bir neçə dəfə) baxa bilmələri ilə şərtlənir.

Bu vaxta qədər, 9 təqvim günü ərzində MDU üzrə 77 müəllim tərəfindən hazırlanan ümumilikdə 151 videodərs tələbələrin istifadəsinə təqdim edilib. Youtube kanalından əldə etdiyimiz 31 mart tarixinə olan məlumata əsasən həmin “videodərslər” ümumilikdə 30 min dəfədən çox izlənilib. Bu isə hər bir “videodərs” üzrə orta hesabla 400-ə yaxın baxış sayı deməkdir.

Müsbət haldır ki, MDU-nun professor-müəllim və inzibati-texniki heyət üzvlərinin böyük fədakarlığı hesabına təqdim olunan dərslər tələbələr və onların valideynləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. “ZOOM” platforması vasitəsilə təqdim olunan online dərslər (dərslərdə tələbə iştirakçılığı nəzərə alınmaqla) və Youtube kanalı üzərindən offline formatda yayımlanan “videodərslər” (baxış sayı nəzərə alınmaqla) tələbələrimizin böyük marağına səbəb olub. Bundan əlavə, tələbələrdən və onların valideynlərindən təşkil olunan dərslərdən məmnunluq ifadə edən çoxsaylı müraciətlər daxil olub.

Hazırda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə dərslərin Microsoft Teams platforması üzərindən keçilməsi üzərində işləri yekunlaşdırmaq üzrəyik. Daha geniş imkanlar təklif edən bu online təhsil alətinin tətbiqi tədris prosesinin daha sistemli şəkildə təşkilinə imkan verəcəkdir.

Nəzərə almaq lazımdır ki, qeyd olunan hər üç məsafədən təhsil metodu alternativ tədris vasitələri hesab olunur və tələbələr üçün könüllü əsaslarla tətbiq edilir. Tələbələrin hər üç metoddan faydalanması arzu olunur və tərəfimizdən təşviq edilir. Bununla belə, tələbə bu metodlardan birini və ya bir neçəsini seçməkdə tam sərbəstdir. Hər bir tələbə öz seçimini evdə olduğu dövrdə malik olduğu IT və internet bağlantısı imkanlarına görə edir. Eyni zamanda, tələbənin məsafədən keçirilən dərslərdə iştirakı üzrə davamiyyəti nəzərə alınmır. Daha konkret desək, online dərslərdə iştirak etməyən tələbənin davamiyyətlə bağlı problemi olmayacaq.

Xüsusi vurğulamaq lazımdır ki, tərəfimizdən atılan bütün addımlar evdə qaldıqları müddətdə tələbələrin dərslərlə məşğul ola bilməsi üçün alternativ imkanların yaradılmasına xidmət edir. Belə ki, mövcud qanunvericiliyə görə ölkəmizdə tədris prosesinin başlama və bitmə müddətləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Bu səbəbdən də, postkoronavirus dövründə tədris prosesinin hansı müddətlərdə və formatda keçirilməsinə dair müvafiq qərar verildikdən sonra fəaliyyətimizi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təqdim olunacaq müvafiq təlimatlar əsasında quracağıq.

Fürsətdən istifadə edərək, karantin dövründə universitetdə idarəetmənin və tədris prosesinin təşkilində davamlı dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, eləcə də mövcud şərtlər daxilində ümumi fəaliyyətimizə göstərilən köməyə görə Mingəçevir şəhər İcra Hakimiyyətinə təşəkkür edirik.

MDU-nun ölkəmizdə koronavirusla mübarizəyə töhvəsi nədən ibarətdir?

Hesab edirik ki, dünyanı bürümüş COVID-19 infeksiyası ilə mübarizə hər birimizin insanlıq və vətəndaşlıq borcumuzdur. Bu istiqamətdə həmrəy olmağımız və irəli sürülən tələblərə hamılıqla riayət etməyimiz çox vacibdir. Bu baxımdan, ilk gündən başlayaraq tələbələrimizin və əməkdaşlarımızın öz ailə üzvləri, qohumları, tanışları və qonşuları arasında maarifləndirmə işləri aparmasına xüsusi diqqət yetiririk. Fikrimizcə, tələbələrimiz və gənc əməkdaşlarımız tərəfindən bu istiqamətdə hazırlanmış fləşmoblar, onlar tərəfindən sosial şəbəkələrdə edilən çoxsaylı çağırışlar və paylaşımlar az əhəmiyyət kəsb etmir.

Mart ayı ərzində tələbə və gənc əməkdaşlarımızdan ibarət könüllü qruplarımız qlobal pandemiya dövründə xüsusi qayğıya ehtiyacı olan bir neçə ailəni ziyarət edib, onlara müvafiq yardımlar göstəriblər.

Xüsusi qeyd etmək lazımdır ki, MDU olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı, Mingəçevir şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər Təşkilatı, Mingəçevir şəhər Regional ASAN Xidmət Mərkəzi və Mingəçevir Gənclər Evi tərəfindən koronavirusla mübarizə sahəsində irəli sürülən təşəbbüsləri davamlı dəstəkləyirik. Belə ki, adı çəkilən tərəfdaşlarımızın tənha və xəstə insanlara yardım göstərilməsi, onların zəruri ehtiyaclarının qarşılanması kimi könüllülük fəaliyyətlərində MDU tələbələri və gənc əməkdaşları fəal iştirak edirlər.

İnanırıq ki, MDU-nun tələbə-könüllüləri və gənc əməkdaşları bir neçə gün əvvəl bir sıra könüllü təşkilatlarının təşəbbüsü ilə yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin fəaliyyətində də xüsusi aktivlik göstərəcəklər.

Eyni zamanda, MDU möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərdikləri xeyirxahlıq təşəbbüsünə ilk qoşulanlardan olub. Belə ki, universitetin Elmi Şurasının müvafiq qərarına əsasən MDU-nun hesabından Koronavirusla Mübarizəyə Dəstək Fonduna 15 (on beş) min manat vəsait köçürülüb. MDU əməkdaşları tərəfindən qeyd olunan Fonda fərdi qaydada ianələr göstərilməsi prosesi hazırda davam edir.

Əminik ki, dövlətimiz tərəfindən həyata keçirilən zəruri tədbirlər və xalqımızın göstərəcəyi həmrəylik sayəsində qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasına birlikdə qalib gələcəyik.

31 mart 2020-ci il

Şərhlər bağlıdır.