2020-ci ilin 13 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qrup nümayəndələri ilə görüşüb. Tədbir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) təşkili vəziyyətinin müzakirəsinə həsr olunub.
“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşdə rektor, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan tarixi qələbə və əzəli torpaqlarımızın işğaldan azad olunması münasibətilə qrup nümayəndələrini təbrik edib.
Ölkədə internet məhdudiyyətinin aradan qaldırıldığını və məsafədən təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verən Ş.Bayramov tələbələri dərslərdə fəal iştirak etməyə və müəllimlər tərəfindən təqdim olunan elektron resurslardan faydalanmağa dəvət edib.
MDU-nun professor-müəllim və inzibati-texniki heyət üzvlərinin tədris prosesinin lazımi səviyyədə təşkili üçün səfərbər olunduğunu bildirən rektor qrup nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb və səsləndirilən təkliflərə münasibət bildirib.
Mövcud şəraitdə tətbiq oluna biləcək qiymətləndirmə mexanizmi, sərbəst işlərin yazılması, kollokviumların və yekun imtahanların təşkili, tətbiq olunması mümkün olan güzəştlər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda, MDU-nun idarə edilməsində və qəbuledilən bütün qərarların müzakirəsində tələbələrin fəal iştirakına böyük önəm verdiyini vurğulayan Ş.Bayramov tələbələri davam edən karantin rejiminin tələblərinə ciddi riayət etməyə çağırıb.
Şərhlər bağlıdır.