Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin “Qarabağ” komandası regional yarışın qalibi olub

273

“Mingəçevir Gənclərin Regional Debat Forumu: Payız 2019” uğurla yekunlaşıb. Dekabrın 14-dən 16-dək  keçirilən forumda Mingəçevir, Yevlax, Ağdaş və Ağcabədi bölgələrini təmsil edən 7 komanda “İnvestisiya layihələrində ekoloji standartlar iqtisadi göstəricilərdən üstün tutulmalıdır” mövzusu üzrə təsdiq və inkar mövqeylərini nümayiş etdiriblər.

Rektor gənclərlə müzakirə apararkən

Gərgin mübarizə şəraitində keçən yarışın finalında Mingəçevir Dövlət Universitetinin “Qarabağ” komandası Ağdaş rayonunu təmsil edən “White stone” komandası ilə qarşılaşıb. Sonda “Qarabağ” komandası qalib gələrək Forumda 1-ci yerə layiq görülüb.

Eyni zamanda, yarışın şərtlərinə uyğun olaraq münsiflər heyəti tərəfindən Forumun 10 ən yaxşı natiqi də müəyyən edilib. “Qarabağ” komandasının üzvləri Mübarək Aydəmirov, Nuranə İbrahimova və Fəxriyyə Qüdrətli, eləcə də MDU-nu təmsil edən digər komandanın 2 üzvü müvafiq olaraq 5 ən yaxşı natiq seçiliblər.

Final mükafatlandırma və bağlanış mərasimində Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov, Mingəçevir Regional Debat Mərkəzinin sədri  Etiram Sadıqzadə, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşı Tofiq Əsgərov, Mingəçevir Dövlət Universitetinin prorektoru Rövşən Əliyev, Təhsil şöbəsinin əməkdaşı Qorxmaz Abbaszadə  fikirlərini bölüşüblər. Onlar şəhərdə debat fəaliyyətinin sistemləşdirilməsi və Karl Popper debat formatının inkişafında Regional Debat Mərkəzinin xidmətindən, MDU-nun və Təhsil şöbəsinin bu mərkəzlə gələcək əməkdaşlığından danışıblar. Qeyd olunub ki, mərkəzi tərəfindən 4 il ərzində 10 gənclər, 4 məktəbli olmaqla,  ümumilikdə 14 debat forumu keçirilib, bu forumlarda 3000-dən çox tələbə, 1000-dən çox şagird iştirak edib.

MDU-nun rektoru Şahin Bayramov “Qarabağ” komandasının üzvləri ilə görüşüb

Qələbə münasibətilə MDU-nun rektoru Şahin Bayramov “Qarabağ” komandasının üzvləri ilə görüşüb. Milli Debat Proqramı çərçivəsində keçirilən “Mingəçevir Gənclərinin Regional Debat Forumu: Payız 2019”un qaliblərini təbrik edən Ş.Bayramov MDU-nu yüksək səviyyədə təmsil etdikləri üçün onlara təşəkkürünü bildirib. Bu formatda keçirilən tədbirlərin gənclərin intellektual və hərtərəfli inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirən Ş.Bayramov gələcəkdə bu istiqamətdə təşəbbüslərin davamlı dəstəklənəcəyini vurğulayıb.

Şərhlər bağlıdır.