2021-ci ilin 16-18 noyabr tarixlərində YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçlığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr olunmuş ali və orta ixtisas məktəb tələbələri arasında mini-futbol üzrə şəhər turniri keçirilib.
Diqqətə çatdırılıb ki, turnir gənclərin azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinə istiqamətləndirilməsi və futbolun kütləviliyinin artırılması məqsədi daşıyır.
Turnirdə Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kolleci və Mingəçevir Peşə Məktəbinin tələbələrindən ibarət komandaları mübarizə aparıblar. Turniri qalibiyyətlə başa vuran MDU komandasının üzvləri Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və YAP Mingəçevir şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Cavanşir Yusubov tərəfindən mükafatlandırılıblar.
Noyabrın 20-də MDU-nun rektoru Şahin Bayramov universitetin mini-futbol komandasının üzvləri ilə görüşüb. Görüşdə birincilik qazanmaları münasibətilə təbriklərini çatdıran rektor təhsil aldıqları ali təhsil müəssisəsini layiqincə təmsil etdikləri üçün tələbələrə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra komanda üzvlərinə kubok və diplomlar təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsinə, o cümlədən şəhər və ətraf rayonlarda təşkil olunan müxtəlif formatlı idman yarışlarına cəlb edilməsinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.