Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı və tələbə gəncləri şəhid məzunun adını daşıyan bulağın açılışında iştirak ediblər
2021-ci ilin 8 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbə və müəllim kollektivi üzvü universitetin 44 günlük Vətən Müharibəsində şəhid olan məzunu Əzəmi Hüseynovun xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak ediblər.
Şəhidin ailə üzvlərinin, döyüş yoldaşlarının və qazilərin də iştirak etdiyi açılış mərasimində MDU-nun qəhrəman məzununun adını daşıyan bulağa gül dəstələri düzülüb və onun əziz xatirəsi böyük ehtiramla yad edilib.
Tədbirdə çıxış edən MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva şəhid Ə.Hüseynovun tələbəlik illərindən bəhs edib. Onun universitetdə təhsil aldığı dövrdə yüksək əxlaqi keyfiyyətləri və nümunəvi davranışları ilə fərqlənməsindən danışan A.Əliyeva ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi yolunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət və yaxınlarına səbr diləyib.
Sonra, MDU-nun tələbə gəncləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Ə.Hüseynov 2010-2014-cü illərdə MDU-da ali təhsil alıb. 2020-ci ilin 8 oktyabr tarixində 44 günlük Vətən Müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan universitetin qəhrəman məzunu dövlət başçımızın müvafiq Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ə.Hüseynovun həyat yoldaşı Minayə Hüseynova hazırda MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) koordinatoru vəzifəsində çalışır.
Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların əziz xatirəsinin daim uca tutulması və göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.
Şərhlər bağlıdır.