2020-ci ilin 12 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi, müstəqilliyimizin rəmzidir” mövzusunda elmi konfrans keçirilib.
“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edilən şanlı qələbə və iki gün əvvəl keçirilmiş tarixi Zəfər paradı münasibətilə tədbir iştirakçılarını təbrik edib, xalqımızda sonsuz fəxarət və sevinc hissləri yaradan möhtəşəm zəfərin qazanılmasında, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Azərbaycan dövlətinin memarı Heydər Əliyevin misilsiz xidmətləri barədə danışan rektor dahi liderimizin zəngin dövlətçilik irsinin öyrənilməsi və gənc nəsillərə təbliğ edilməsi baxımından konfransın əhəmiyyətini diqqətə çatdırıb. Qalib xalq olaraq anım gününün əvvəlki illərdən daha fərqli və daha qürurlu hislərlə qeyd edildiyini vurğulayan Ş.Bayramov 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbəni xalqımıza yaşatmaq, Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirmək iqtidarında olan layiqli siyasi varis yetişdirməsini Ümummilli Liderin ən böyük xidməti olduğunu bildirib. İllər keçdikcə Heydər Əliyev dühasının əzəmətinin, onun şəxsiyyətinin böyüklüyünün daha aydın dərk edildiyini qeyd edən rektor Allahdan Ulu Öndərimizə rəhmət diləyib.
MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova “Azərbaycan xalqının qəlbində əbədi yaşayan Ümummilli Lider: siyasi portret” mövzusunda, MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov “44 günlük Vətən müharibəsində qazandığımız Böyük Qələbə Heydər Əliyev dühasının təntənəsidir” mövzusunda, MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi Günel Yunusova isə “Ulu Öndərin zəngin irsi Azərbaycanın davamlı inkişafının əsası kimi” mövzusunda məruzlər ilə çıxış ediblər. Məruzələrdə Heydər Əliyevin tarix yazmağı bacaran dünya şöhrətli siyasətçi, yüksək intellektli, dərin analitik düşüncəli və uzaqgörən lider, zəngin və çoxşaxəli idarəetmə təcrübəsi olan dövlət xadimi, bütün həyatını və fəaliyyətini doğma xalqına xidmət, milli maraqlara sədaqət və milli dəyərlərə bağlılıq prinsipləri əsasında quraraq yüksək fədakarlıq və əzmkarlıq nümunəsi ortaya qoyan, güclü siyasi iradəyə və böyük qətiyyətə sahib olan rəhbər kimi siyasi portretindən, ölkəmizin davamlı inkişafında və tarixi qələbəsində Heydər Əliyevin zəngin irsininin misilsiz əhəmiyyətindən bəhs edilib.
Konfransdan əvvəl, Heydər Əliyevin MDU-nun əsas tədris korpusunda olan büstünün qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehitramla yad edilib.
Qeyd edək ki, MDU-da Azərbaycan xalqının Ümummilli Liderinə həsr olunan tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Zəngin həyat və titanik fəaliyyət təcrübəsinə malik olan dahi şəxsiyyətin irsinin tələbə gənclərə ötürülməsi universitetdə vətəninə, dövlətinə və xalqına bağlı, layiqli, vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə verir.
Şərhlər bağlıdır.