Mingəçevir Dövlət Universitetində türkiyəli professorların iştirakı ilə elmi-praktiki seminar keçirilib
2021-ci ilin 30 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Ali təhsil müəssisələrində elmi fəaliyyətin təşkili: Türkiyə universitetlərinin təcrübəsi” mövzusunda elmi-praktiki seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda MDU-nun akademik heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Seminara moderatorluq edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev son dövrdə universitetdə elmi fəaliyyətin səmərəliliyinin və nəticəyönümlülüyünün artırılması istiqamətində görülən işlərdən bəhs edib, yeni yaradılan “Elm və innovasiyalar” şöbəsinin fəaliyyətindən və “Dayanıqlı inkişaf” elmi jurnalının təsis olunmasından danışıb. MDU-nun tədqiqat universitetinə çevrilməsinin strateji hədəflərdən biri olduğunu vurğulayan V.Mustafayev bu istiqamətdə Türkiyə universitetlərinin təcrübəsinin öyrənilməsi baxımından seminarın əhəmiyyətindən bəhs edib və iştirakçılara uğurlar arzulayıb.
Sonra MDU-da fəaliyyət göstərən Qazi Universitetinin professorları Ercan Nurcan Yılmaz və Cemal Yılmaz məruzələrlə çıxış ediblər. Məruzələrdə onlar nüfuzlu elmi nəşrlərdə məqalələrin qəbul edilməsi üçün nəzərə alınan başlıca meyarlardan söhbət açıb, elmi-tədqiqat işlərinin və məqalələrin müasir tələblərə uyğun yazılması, tədqiqat işlərində ədəbiyyatlardan və mənbələrdən düzgün istifadə edilməsi, plagiata yol verilməməsi, elmi etika və müəlliflik hüququnun gözlənilməsi barədə təcrübələrini bölüşüblər.
Maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, Türkiyənin Qazi Universiteti ilə yaradılan işbirliyi çərçivəsində elektrik və elektronika mühəndisliyi, informasiya təhlükəsizliyi sahələri üzrə professorlar Ercan Nurcan Yılmaz və Cemal Yılmaz cari tədris ilində MDU-nun Mühəndislik fakültəsində elmi-pedaqoji fəaliyyətlərini davam etdirirlər.
Şərhlər bağlıdır.