2021-ci ilin 12 iyul tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş “Böyük qələbənin müjdəçisi: iyul 2020-ci il Tovuz döyüşləri” mövzusunda mühazirə keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan mühazirədə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən düz bir il ötdüyünü qeyd edib. Düşmənin növbəti irimiqyaslı hərbi təxribatının qarşısını alan, onların müxtəlif hərbi obyektlərini, xeyli döyüş texnikasını və yüzədək canlı qüvvəsini məhv edən rəşadətli Azərbaycan əsgər və zabitinin qəhrəmanlığından söhbət açan E.Cəfərova iyul döyüşlərini 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərə aparan yol kimi xarakterizə edib. Tovuz döyüşlərində vətənin müdafiəsi uğrunda canından keçən qəhrəman oğulların əziz xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini və torpaqlarımızın işğaldan azad edilməsilə onların qanlarının yerdə qalmadığını bildirən E.Cəfərova bütün şəhidlərimizə rəhmət və qazilərimizə şəfa diləyib.
Sonra, mühazirəçi, MDU-nun Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov geniş məruzə ilə çıxış edib.
Məruzədə ötən ilin 12-17 iyul tarixlərində dövlət sərhədimizin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin atəşkəsi pozaraq təxribat xarakterli hücuma keçməsinin başlıca səbəblərindən danışan İ.Məmmədov bu hadisəni mənfur düşmənin işğalçılıq niyyətlərindən əl çəkmədiklərinin, onlarla sülh dilində danışmağın mənasız olduğunun bariz təsdiqi kimi dəyərləndirib.
Müzəffər Ali Baş Komandanımızın müdrik rəhbərliyi, yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində Tovuz döyüşlərində erməni təcavüzkarlarının hücum cəhdlərinin qarşısının qətiyyətlə alınmasının artıq böyük qələbənin çox yaxında olmasından müjdə verdiyini qeyd edən məruzəçi bundan təxminən iki ay sonra başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmənin başını əzən, onları kapitulyasiyaya məcbur edən dəmir yumruqdan və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsindən danışıb.
Qəhrəmanlıq tariximizin parlaq səhifələrindən hesab edilən Tovuz döyüşlərinin tarixi-siyasi dərslərindən bəhs edən İ.Məmmədov bununla bağlı həqiqətlərin gənc nəsilə ötürülməsinin əhəmiyyətini diqqətə çatdırıb və müvafiq tövsiyələrini səsləndirib.
Sonda İ.Məmmədov tələbə və magistrantların çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi önəm verilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.
Şərhlər bağlıdır.