AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində “Şuşa bəyannaməsi miqrasiya kontekstində” mövzusunda birgə seminar keçirilib

2021-ci ilin 23 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) Yevlax Regional Miqrasiya İdarəsinin birgə təşkilatçılığı ilə “Şuşa bəyannaməsi miqrasiya kontekstində” mövzusunda seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan birgə seminarda MDU-nun bir qrup akademik heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

Seminar iştirakçılarına MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran  universitetin prorektor əvəzi Veysəl Əyyubov 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Azərbaycanın mədəniyyət paytaxtında iki qardaş ölkə arasında imzalanmış Şuşa Bəyannaməsinin regionda sülhə, təhlükəsizliyə, sabitliyə və tərəqqiyə töhfəsi baxımından tarixi, iqtisadi və siyasi əhəmiyyətindən bəhs edib.

Sonra, DMX Yevlax Regional Miqrasiya İdarəsinin rəis müavini Aydın Əliyev və şöbə rəisi Faiq Məmmədov məruzələrlə çıxış edərək, Suşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyə arasında formalaşan keyfiyyətcə yeni strateji müttəfiqlik münasibətləri, türk dünyası coğrafiyasının dinamik və davamlı inkişafı üçün yaranan geniş imkanlar, işğaldan azad olunmuş ərazilərdə miqrasiya proseslərinin tənzimlənməsi perspektivləri barədə ətraflı məlumat veriblər.

Seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirə aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, MDU-da dövlət və özəl qurumları ilə əməkdaşlıq çərçivəsində universitetin professor-müəllim və tələbə heyəti üzvlərinin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə aktual mövzulara həsr edilmiş müxtəlif maarifləndirici tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verilir.

Daha çox

Oxşar yazılar

Close