Mingəçevir Dövlət Universitetində “Su ehtiyatlarından səmərəli istifadə problemlərinə müasir yanaşmalar” mövzusunda nəzəri-praktik konfrans keçirilib
2020-ci ilin 3 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Su ehtiyatlarından səmərəli istifadə problemlərinə müasir yanaşmalar” mövzusunda nəzəri-praktiki konfrans keçirilib.
“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsi ilə birgə “ZOOM” platforması üzərindən online formatda təşkil olunan konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm qələbələr münasibətilə tədbir iştirakçılarını təbrik edib. Böyük Qələbənin çox yaxında olduğuna əminliyini ifadə edən rektor üçrəngli bayrağımızın tezliklə düşmən tapdağında olan bütün əzəli torpaqlarımızda dalğalanacağını bildirib.
Sonra, konfransın mövzusunun aktuallığına toxunan Ş.Bayramov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Su ehtiyatlarından səmərəli istifadəsinin təmin edilməsinə dair 2020/2022-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər haqqında məlumat verib. Konfransın sözügedən Tədbirlər Planı çərçivəsində təşkil olunduğunu qeyd edən rektor həmin sənəddə su ehtiyatlarının qiymətləndirilməsi, mühafizəsi, su təsərrüfatının elektronlaşdırılması, suvarma üçün sudan səmərəli və qənaətlə istifadə edilməsi, içməli su təchizatı sisteminin təkmilləşdirilməsi, əlavə su ehtiyatlarının yaradılmasının təmin edilməsi və digər məsələlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Konfrans iştirakçılarını salamlayan “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi Şakir İmanov “Azərbaycanın su ehtiyatları və onlardan səmərəli istifadə edilməsi” mövzusunda məruzə ilə çıxış edib. Ölkəmizin mövcud və potensial su ehtiyatları barədə geniş məlumat verən Ş.İmanov son illər ərzində su təsərrüfatının müasirləşdirilməsi və su təchizatı infrastrukturunun təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərin əhəmiyyətindən bəhs edib. İşğal altında olan ərazilərimizdə su ehtiyatlarının zəngin olmasını vurğulayan Ş.İmanov Azərbaycan Ordusu tərəfindən azad olunmuş Suqovuşan su anbarının həmin istiqamətdə suvarma suyu ilə təminatı yaxşılaşdıracağını bildirib.
Konfransın proqramına uyğun olaraq “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin baş mühəndisi Adil Məmmədov “Su ehtiyatlarından səmərəli istifadənin təm edilməsində kanalların rolu” mövzusunda, MDU-nun Fizika və ekologiya kafedrasının müəllimləri Aytac Cavadova “Təmiz su sağlamlığın qorunmasında əsas amildir” mövzusunda, Gülmirə Məmmədova “Mingəçevir şəhərində içməli su təchizatı sisteminin təkmilləşdirilməsi” mövzusunda, Leyla Əhmədova isə “Kənd təsərrüfatında müasir suvarma sistemlərinin tətbiqi” mövzusunda məruzələr ediblər.
Sonra konfransın mövzusu ətrafında fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarının müvafiq sualları cavablandırılıb.
Konfransın sonunda MDU və “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə gələcəkdə oxşar tədbirlərin keçirilməsi və MDU tələbələrinin idarəyə ekskursiylarının təşkil edilməsi barədə razılıq əldə olunub.
Şərhlər bağlıdır.