Mingəçevir Dövlət Universitetində “Şəxsi inkişaf və karyera planlaşdırılması” adlı təlimlər uğurla başa çatıb
Mingəçevir Dövlət Universitetində (MDU) bir qrup mingəçevirli könüllü gənclər üçün təşkil edilmiş “Şəxsi inkişaf və karyera planlaşdırılması” adlı təlimlər uğurla başa çatıb.
Avqustun 9-dan 12-dək davam etmiş təlim proqramı çərçivəsində universitetin təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən “Komanda ilə işləmə bacarıqları”, “Karyera və şəxsi inkişaf”, “Effektiv ünsiyyət”, “MDU-da təhsil almağın üstünlükləri”, “Əmək bazarı”, “Təqdimat bacarıqları” və “Bədən dili” mövuzlarında təlimlər keçirilib.
Təlimlərdə komandada işin təşkili və bölgüsü, sosial məsuliyyət, hədəflərin düzgün seçilməsi, uğura gedən yol və karyera planlaşdırılmasının mərhələləri, fərdin şəxsi inkişafı üçün zəruri olan meyarlar, yumşaq bacarıqlar, cəmiyyətə faydalılıq və karyera yüksəlişi baxımından diqqət yetiriləsi məqamlar, əmək bazarında mövcud vəziyyət və başlıca trendlər, MDU-da təhsilalanların karyera inkişafı imkanları və perspektivləri barədə ətraflı məlumatlar verilib.
Proqramın sonunda öz təəssüratlarını bölüşən və yüksək məmnunluqlarını ifadə edən təlim iştirakçıları bu tipli tədbirlərin təşkilində əməyi olan universitetin bütün rəhbər, inzibati və akademik heyət üzvlərinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, şəhər və ətraf rayonların tərəqqisinə davamlı töhfə verməyi strateji hədəflərindən biri kimi müəyyən edən MDU-da tələbə və əməkdaşlarla yanaşı, yerli gənclərin potensialının hərtərəfli inkişafına xidmət edən müvafiq tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.