AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

2021-ci ilin 17 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.

Cari imtahan sessiyasının ikinci həftəsinin başa çatdığını nəzərə çatdıran rektor ötən həftələr ərzində imtahanların gedişatı zamanı aparılmış monitorinqlərin və təhlillərin nəticələrindən danışıb.

İmtahanların yüksək iştirakçılıq və müvəffəqiyyət göstəriciləri ilə davam etdiyini bildirən Ş.Bayramov sessiya ərzində hər bir tələbəyə həssas yanaşıldığını diqqətə çatdırıb.

Təhsilalanlar və onların valideynləri tərəfindən daxil olmuş müraciətlərdə imtahan sessiyasının gedişatından yüksək məmnunluğun əks olunduğunu vurğulayan rektor universitetdə imtahanların obyektivlik, şəffaflıq və ədalətlilik prinsipləri əsasında keçirilməsində əməyi olan kollektiv üzvlərinə və könüllü tələbələrə təşəkkürünü bildirib.

Daha sonra tələbə və magistrantların müraciətləri dinlənilib. İmtahan sessiyasının gedişatından razılıqlarını ifadə edən tələbələrin səsləndirdikləri təkliflərə münasibət bildirilib.

Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 5 iyul tarixinədək hər həftənin cümə axşamı günü təşkil olunması nəzərdə tutulub.  Cari imtahan sessiyası ərzində əvvəlki “Açıq qapı” günləri müvafiq olaraq 3 iyun və 10 iyun tarixlərində keçirilib.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close