2021-ci ilin 3 noyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan mini-futbol üzrə şəhər turnirini birinciliklə başa vuran universitet komandasının, eləcə də universitet daxili yarışların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Zəfər Günü münasibətilə və əldə etdikləri nailiyyətlərə görə universitet komandalarının üzvlərini təbrik edən Ş.Bayramov mini-futbol yarışları üzrə şəhər birinciliyinin əldə edilməsini MDU ailəsinə bayram hədiyyəsi kimi dəyərləndirib. Tələbələrin təhsil aldıqları ali təhsil müəssisəsini layiqincə təmsil etmələrindən məmnunluğunu bildirən rektor onlara universitet həyatında və karyera inkişafında yeni-yeni uğurlar arzulayıb.
Sonra qalib komandaların üzvlərinə diplomlar və kuboklar təqdim edilib, xatirə şəkilləri çəkdirilib.
Bildirilib ki, cari ilin oktyabr ayında MDU tələbələrindən ibarət komanda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən mini-futbol üzrə ali və orta ixtisas məktəb tələbələri arasında turniri birinciliklə başa vurub. Bununla yanaşı, MDU İdman-sağlamlıq kompleksinin təşkilatçılığı ilə universitet daxili mini-futbol yarışları keçirilib.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsinə, o cümlədən şəhər və ətraf rayonlarda təşkil olunan müxtəlif formatlı idman yarışlarına cəlb edilməsinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.