Mingəçevir Dövlət Universitetində maliyyə savadlılığının artırılmasına dair nəzəri-praktik seminar keçirilib
2021-ci ilin 4 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Maliyyə savadlılığının artırılması: nağdsız hesablaşmalar və onların təşkili formaları” mövzusunda nəzəri-praktik seminar keçirilib.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən seminarı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın hərtərəfli inkişaf strategiyasının hazırda ölkə başçısı tərəfindən yeni dövrün tələbləri səviyyəsində davam etdirildiyini qeyd edib. Dayanıqlı iqtisadi inkişafının təmin edilməsində maliyyə-bank sektorunun rolundan bəhs edən rektor ölkəmizdə maliyyə xidmətlərinin inkişafı istiqamətində həyata keçirilən dövlət tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılmasının qarşıda dayanan başlıca vəzifələrdən biri olduğunu vurğulayan Ş.Bayramov MDU-da təşkil edilən bu seminarın tələbə gənclərin maliyyə savadlılığının artırılmasına hədəfləndiyini bildirib.
Seminarda qonaq məruzəçi qismində iştirak edən “Turanbank” ASC-nin İdarə Heyətinin üzvü, informasiya texnologiyaları üzrə baş direktor Bəxtiyar Məmmədov “Ölkədaxili banklararası nağdsız hesablaşma sistemləri” mövzusunda çıxış edib. Məruzədə ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmalara dair normativ aktlar, hesablaşma və klirinq anlayışları, banklararası nağdsız hesablaşma sistemləri, prosessinq mərkəzləri, banklararası kart mərkəzi və digər məsələlər haqqında ətraflı məlumat verilib.
MDU-nun “İqtisadiyyat” kafedrasının müdiri, dosent Cəmilə Musayeva “Beynəlxalq hesablaşmalar: əsas formaları və xüsusiyyətləri” mövzusunda çıxış edib. C.Musayeva məruzəsində beynəlxalq hesablaşmaların mahiyyəti və iqtisadiyyatda rolu, müasir dövrdə geniş tətbiq olunan əsas ödəniş üsulları və hesablaşma formaları, SWIFT sistemi və onun üstünlükləri barədə danışıb.
Maraqla qarşılanan məruzələr seminar iştirakçılarının geniş müzakirəsinə səbəb olub və mövzu ilə bağlı verilən çoxsaylı suallar ətraflı şəkildə cavablandırılıb.
Qeyd edək ki, MDU-da sənaye və universitet əməkdaşlığı çərçivəsində universitetin professor-müəllim və tələbə heyəti üzvlərinin praktiki bilik və bacarıqlarının artırılmasına xüsusi əhəmiyyət verilir, dəvət olunan mütəxəssislərin iştirakı ilə aktual mövzulara həsr edilmiş müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.
Şərhlər bağlıdır.