29 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Məzun günü – 2020” tədbiri keçirilib. “Zoom” platforması üzərindən online formatda keçirilən tədbirdə cari tədris ilində MDU-dan məzun olan tələbələr və magistrantlar, eləcə də valideynlər və universitetin əməkdaşları iştirak ediblər.
“Məzun günü – 2020” tədbirində çıxış edən MDU-nun rektoru Şahin Bayramov 2019/2020-ci tədris ilində bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 450-yə yaxın gəncin universitetdən məzun olduğunu bildirib, bütün məzunlara, onların müəllimlərinə və valideynlərinə səmimi təbriklərini çatdırıb.
Təhsil aldıqları müddətdə MDU ailəsinin üzvünə çevrilən tələbələrin bundan sonra həmin ailədə məzun statusunda təmsil olunacaqlarını qeyd edən rektor MDU-nun professor-müəllim heyəti, tələbələr, magistrantlar və məzunlar üçün ortaq dəyər olduğunu vurğulayıb.
Ş.Bayramov builki məzunların universiteti innovasiyaların rolunun kəskin artdığı, dördüncü sənaye inqilabının başlandığı, süni intellektin sürətlə inkişaf etdiyi və rəqəmsal texnologiyaların həyatımıza güclü nüfuz etdiyi bir dövrdə bitirdiklərini bildirib. Rektor gənclərin doğma Azərbaycanımızın davamlı inkişaf etdiyi, ölkəmizdə insan kapitalının əhəmiyyətinin sürətlə artdığı və post-neft dövrünün reallıqlarından irəli gələn çağırışların gücləndiyi bir dövrdə universitet məzunu olduqlarını da əlavə edib.
MDU-da əldə etdikləri biliklər, qazandıqları kompetensiyalar və topladıqları təcrübə sayəsində məzunların yeni dövrün tələblərinə uyğun yüksək ixtisaslı mütəxəssis kimi formalaşdıqlarını qeyd edən rektor onlara gələcək təhsil həyatlarında və professional karyeralarında uğurlar diləyib.
Tədbirdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanovun, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı, MDU-nun məzunu Tahir Məmmədovun, Milli Məclisin Mingəçevir şəhərindən olan deputatı Aydın Mirzəzadənin, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynovun, Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzinin direktoru Elxan Cəfərovun, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəflinin, “Mingəçevir Tekstil” MMC-nin direktoru Mehman Hüseynovun, Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, MDU-nun İctimai Nəzarət Şurasının üzvü Ədalət Quliyevanın, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, MDU-nun İctimai Nəzarət Şurasının üzvü Fərman Nəbiyevin, Mingəçevir Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Tural Kərimlinin, Mingəçevir Yüksək Texnologiyalar Parkı nəzdində “SİMBİOZ” Texnoloji Biznes İnkubatorun koordinatoru Orxan Nadirovun, valideynlərdən Vəfa Hacıyevanın, Sadəddin Cəfərovun və Elşad Hacıyevin MDU məzunlarına video-təbrikləri nümayiş etdirilib. Təbriklərdə müəllim, iqtisadçı və mühəndis kimi fəaliyyət göstərəcək MDU məzunlarının cəmiyyətimizə faydalı mütəxəssis və xalqımıza layiq vətəndaş olacaqlarına əminlik ifadə olunub.
Tədbirdə çıxış edən məzunlar Kəmalə Hacıyeva, Məhəmməd Kərimov, Elsəvər Cəfərov, Günel Məmmədova və Könül Aydın MDU məzunu olmaqdan qürur duyduqlarını, müasirləşməkdə olan doğma universitetlərini layiqincə təmsil etməyə çalışacaqlarını və onların üzərində böyük əməkləri olan müəllimlərinə daim minnətdar olacaqlarını bildiriblər.
Daha sonra təhsil müddətində yüksək akademik göstəricilər göstərmiş və MDU-nun ictimai həyatında fəal rol oynamış bir qrup məzunun MDU-nun Fəxri Fərmanı ilə təltif olunması barədə rektorun müvafiq əmri oxunub.
Tədbirin sonunda məzunların MDU haqqında təəssüratlarını əks etdirən video-çarxlar və MDU tələbələri tərəfindən məzunları təbrik məqsədilə hazırlanmış video-müsiqilər nümayiş etdirilib. MDU-dan məzun olan Bağdagül Baliyeva və İranə Budulovanın iştirakı ilə çəkilmiş “MDU Məzunu 2020” video-klipi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Şərhlər bağlıdır.