Mingəçevir Dövlət Universitetində “Məişət zorakılığı və ona qarşı mübarizə” mövzusunda seminar keçirilib
2021-ci ilin 18 noyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”na həsr olunmuş “Məişət zorakılığı və ona qarşı mübarizə” mövzusunda elmi-praktik seminar keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda universitetin akademik heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Seminarda giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Planının icrası ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib. Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə mövzusunda ali təhsil müəssisələrində mühazirə və seminarların təşkilinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayan V.Əyyubov tədbirin önəmini diqqətə çatdırıb və iştirakçılara uğurlar arzulayıb.
Universitetin Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayevin moderatorluğu ilə keçirilən seminarda proqrama daxil olan məruzələr haqqında məlumat verildikdən sonra çıxışlara başlanılıb.
MDU-nun Pedaqogika və psixologiya kafedrasının müəllimi Nərgiz Niftəliyeva “Məişət zorakılığı və onun təzahür formaları” və Humanitar fənlər kafedrasının müəllimi Şəfa Quliyeva “Məişət zorakılığı cəmiyyət və dövlət üçün ümumi problemdir” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra seminar iştirakçıları tərəfindən məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, ölkəmizdə həyata keçirilən islahatlara və dövlət proqramlarının icrasına töhfə verməyi diqqət mərkəzində saxlayan MDU-da müvafiq istiqamətlər üzrə aktual mövzularda tədqiqatların aparılmasına və müxtəlif formatlarda elmi tədbirlərin təşkilinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.