Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İdeoloji maarifləndirmə çərçivəsində növbəti seminar

111

2022-ci ilin 25 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji fakültəsində “Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar missiyası” mövzusunda seminar keçirilib. Seminar “MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə bağlı Tədbirlər Planı” çərçivəsində baş tutub.

MDU-nun Pedaqoji fakültəsinin dekanı dosent Nizami Zeynalovun moderatorluğu ilə keçirilən seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

Seminarı giriş sözü ilə açan MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev müasir Azərbaycan qadınının qürur doğuran obrazını dünyaya layiqincə təqdim edən və dövlətimizin inkişafında misilsiz xidmətlər göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəngin, çoxşaxəli və nümunəvi fəaliyyətinin öyrənilməsi və təbliğinin gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi işinə mühüm töhfə verdiyini diqqətə çatdırıb və seminarın işinə uğurlar arzulayıb.

Sonra, seminarın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun Pedaqogika və psixologiya kafedrasının dosenti Sahib Məmmədov “Təhsilə yüksək qayğı və dəstək nümunəsi: Mehriban Əliyeva”, Pedaqoji fakültənin dekan müavini Sevinc Süleymanova “Mehriban Əliyeva – şəfqət, mərhəmət və insanlığın simvolu”  və Humanitar fənlər kafedrasının müəllimi Aygün Qədirova “Milli-mənəvi irsin qorunması Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətinin prioritet istiqamətlərindəndir“ mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın humanist, xeyriyyəçi, nüfuzlu ictimai-siyasi xadim kimi ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində görülən işlərə verdiyi sanballı töhfələrdən, təhsil, səhiyyə və mədəniyyətin inkişafında, ölkəmizin beynəlxalq imicinin yüksəlməsində göstərdiyi əvəzolunmaz xidmətlərdən bəhs edilib.

Bildirilib ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində düşmən işğalından azad olunmuş əzəli doğma yurdlarımızın dirçəldilməsi, tarixi, dini və mədəni abidələrin bərpası istiqamətində görülən işlərdə Mehriban xanım yüksək həssaslıq və fədakarlıq nümayiş etdirir. Uzun illər erməni vandalizminə məruz qalmış Qarabağın, o cümlədən mədəniyyət paytaxtımız olan Şuşanın tarixi simasının özünə qaytarılması, doğma torpaqlarımızda xalqımızın mənəvi, tarixi, mədəni irsinin yenidən yaşadılması, qorunması və təşviqi üçün onun məqsədyönlü, sistemli və yorulmaz fəaliyyəti mühüm tarixi əhəmiyyətə malik humanitar missiya kimi dəyərləndirilib.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da Vətənə, xalqa və dövlətə bağlı mütəxəssis kadrların yetişdirilməsi məqsədilə tələbə gənclərin ideoloji maarifləndirilməsi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

Şərhlər bağlıdır.