2021-ci ilin 21 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanması ilə əlaqədər universitetin bir qrup fəal tələbəsi ilə görüş keçirilib.
Görüşdə sentyabrın 29-dan etibarən respublikamızın ali təhsil müəssisələrində ənənəvi tədrisə başlanılacağını qeyd edən MDU-nun rektoru Şahin Bayramov bu münasibətlə universitetdə təhsil alan bütün tələbə və magistrantları təbrik edib.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində ötən tədris ilinin tarixi Zəfərin qazanılması ilə əlamətdar olduğunu vurğulayan Ş.Bayramov 44 günlük Vətən Müharibəsi və ondan sonrakı dövrdə universitetin tələbə və gənc məzunlarının həm ön cəbhədə döyüşlərdə, həm də arxa cəbhədə sosial dəstək tədbirlərində və informasiya mübarizəsində fəal iştirakını yüksək qiymətləndirib.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı qələbədə gənc nəslin yüksək vətənpərvərlik ruhunda yetişdirilməsinin rolundan söz açan rektor son dövrdə universitetdə təhsilin məzmununda vətənpərvərliyin önəminin yüksəldilməsi ilə bağlı görülən işlərdən və yeni yaradılan Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin fəaliyyətindən danışıb.
Hazırda işğaldan azad edilmiş əzəli torpaqlarımızın hərtərəfli və dayanıqlı şəkildə dirçəldilməsindən bəhs edən Ş.Bayramov bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən irimiqyaslı, sistemli və kompleks quruculuq işlərinə töhfə vermək məqsədilə universitetin tələbə gənclərini müxtəlif innovativ təşəbbüsləri və çoxşaxəli könüllülük fəaliyyətləri ilə aktiv olmağa dəvət edib.
Qabaqcıl ölkədaxili və xarici tərəfdaş universitetlərlə əməkdaşlığın, sənaye ilə işbirliyinin yaratdığı geniş imkanlar barəsində ətraflı məlumat verən rektor MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, tələbə və magistrantların hərtərəfli inkişafına xidmət edən təhsil mühitindən daha fəal surətdə faydalanmağı gənclərə tövsiyə edib.
MDU-nun tarixində ilk dəfə olaraq, “Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalının təsis edildiyini və birinci buraxılışının çap olunduğunu diqqətə çatdıran Ş. Bayramov tələbələrin tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və onların elmi potensialının üzə çıxarılması baxımından jurnalın əhəmiyyətindən söhbət açıb.
COVID-19 pandemiyasının davam etməsi ilə əlaqədar tələbələri ənənəvi tədris zamanı mövcud qaydalara daha məsuliyyətli və həssas yanaşmağa çağıran Ş.Bayramov universitetin müəllim və tələbə kollektivi üzvlərinin vaksinasiya prosesində və bununla bağlı həyata keçirilən maarifləndirmə işlərində fəal iştirakından məmnunluğunu ifadə edib.
Strateji hədəflərə uyğun olaraq universitetin modernləşməsi prosesində tələbə iştirakçılığına xüsusi önəm verildiyini qeyd edən Ş.Bayramov gənclər üçün gözləntilərinin yeni tədris ilində də özünü doğruldacağına əmin olduğunu deyib və onlara uğurlar arzulayıb.
Sonra, tələbələr çıxış edərək MDU-da onların hərtərəfli inkişafı üçün yaradılmış əlverişli təhsil mühitindən məmnun olduqlarını bildiriblər, göstərilən yüksək diqqət və həssaslığa görə universitet rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Qeyd edək ki, yeni tədris ilinin başlanması ilə əlaqədar MDU-da tələbə və müəllim kollektivi üzvləri ilə silsiləvi görüşlər davam edir.
Şərhlər bağlıdır.