Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində Elmi Şuranın növbədənkənar iclası keçirilib

97

2022-ci ilin 14 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Elmi Şuranın növbədənkənar iclası keçirilib. “Microsft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda, ilk növbədə, “2021/2022-ci tədris ilinin yaz semestrində MDU-da tədrisin və təlim-tərbiyə prosesinin təşkilinə dair Qaydalar” müzakirə olunub. Diqqətə çatdırılıb ki, son günlərdə ölkədə yoluxma sayının artması ilə əlaqədar cari tədris ilinin yaz semestrində tədris prosesinin təşkili payız semestrində qəbul edilmiş qaydalar əsasında həyata keçiriləcək. Bildirilib ki, sözügedən Qaydalar xüsusi karantin rejiminin mövcud tələbləri, qanunvericiliyə edilmiş müvafiq dəyişikliklər, MDU-nun mövcud infrastruktur imkanları, təhsilalanların və akademik heyətin COVID-19 infeksiyasından maksimum qorunması amilləri və keçən semestr ərzində əldə edilən təcrübələr nəzərə alınmaqla hazırlanıb. Müzakirələrdən sonra Qaydalar Elmi Şura tərəfindən qəbul edilib.

Daha sonra, iclasda MDU-nun tələbə və müəllim kollektivi üzvlərinin müvafiq dozalar üzrə vaksinasiyadan keçməsi vəziyyəti müzakirə olunub. Bu istiqamətdə əldə edilən nəticələrə görə MDU-nun hər zaman respublikanın ali təhsil müəssisələri arasında ön sıralarda olmasından məmnunluğunu bildirən rektor mövcud qaydalara həssas və məsuliyətli yanaşan əməkdaşlara və tələbələrə təşəkkürünü bildirib.

Eyni zamanda, yaz semestrində dərslərin hibrid formatda davam edəcəyini vurğulayan rektor MDU-da kollektiv üzvlərinin sağlamlıqlarına, xüsusi karantin rejiminin tələblərinə riayət edilməsinə, tələbə və müəllim kollektivinin növbəti dozalar üzrə vaksinasiya prosesində daha fəal iştirakına, müntəzəm olaraq tibbi-profilaktik və dezinfeksiya işlərinin aparılmasına xüsusi diqqət yetirilməli olduğunu qeyd edib və bununla bağlı müvafiq tapşırıqlarını verib.

Sonda Ş.Bayramov 2021/2022-ci tədris ilinin yaz semestrinin başlaması münasibətilə MDU-nun professor-müəllim heyətini, tələbə və magistrantları təbrik edib və onlara uğurlar arzulayıb.

Şərhlər bağlıdır.