2021-ci ilin 24 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Bərk məişət tullantılarının idarə edilməsi: problemlər və perspektivlər” mövzusunda elmi-praktik seminar keçirilib.
“ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən seminarı giriş sözü ilə açan MDU-nun elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” çərçivəsində ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edib. Strategiya çərçivəsində bərk məişət tullantılarının idarə edilməsi sahəsində maarifləndirmə işinin gücləndirilməsinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdıran V.Əyyubov seminarın əhəmiyyətindən danışıb.
Moderator, Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev seminarın gündəliyini tədbir iştirakçılarının diqqətinə çatdırdıqdan sonra məruzələr dinlənilib.
MDU-nun Fizika və ekologiya kafedrasının əməkdaşlarından baş müəllim Vüsalə Mustafayeva “Bərk məişət tullantılarının emal üçün çeşidlənməsi” mövzusunda, müəllim Leyla Əhmədova “Bərk sənaye tullantılarının təkrar emalının iqtisadi səmərəliliyi” mövzusunda, müəllim Aytac Cavadova “Elektron tullantıların utilizasiyası” mövzusunda, müəllim Gülmirə Məmmədova “Kosmosun antropogen tullantılarla çirklənməsi” mövzusunda, Mingəçevir şəhər Gigiyena və Epidemologiya Mərkəzinin həkim-gigiyenisti Ülkər Eyvazova “Mingəçevir şəhərində tibbi tullantıların idarə edilməsi” mövzusunda, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin aparıcı məsləhətçisi Günel Əliyeva “Plastik tullantıların ətraf mühitə və insan sağlamlığına təsiri” mövzusunda məruzələr ilə çıxış ediblər.
Məişət tullantılarının yığılması, çeşidlənməsi, yandırılması və təkrar emala verilməsi prosesinin bir-biri ilə uzlaşdırılması istiqamətində aparılan tədqiqatlar seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb və təqdim olunan çoxsaylı suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, ölkəmizdə yüksək keyfiyyətli ekoloji mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə MDU-da ekoloji təhsilin inkişaf etdirilməsinə, aktual mövzulara həsr edilmiş müxtəlif ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.
Şərhlər bağlıdır.