Mingəçevir Dövlət Universitetində Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr edilmiş növbəti seminar keçirilib
2021-ci ilin 4 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilmiş “Müəllim hazırlığında riyaziyyatın tədrisi: müasir çağırışlar və yeni yanaşmalar” mövzusunda birgə elmi-praktik seminar keçirilib. “ZOOM” platforması üzərindən online formatda təşkil edilən seminarda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbələri və magistrantları iştirak ediblər.
Seminarın açılışında giriş sözü ilə çıxış edən ADPU-nun prorektoru Fikrət Rzayev MDU kollektivi ilə birlikdə yubileyə həsr olunmuş növbəti tədbirin keçirilməsindən məmnunluğunu ifadə edib və universitet rəhbərliyinə təşəkkürünü bildirib. Ölkədə ali təhsilə göstərilən yüksək diqqət və qayğıdan danışan F.Rzayev ADPU-nun 100 illik inkişaf yolundan, universitetdə müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində əldə edilmiş nailiyyətlərdən bəhs edib.
Açılış nitqində yubiley münasibətilə ADPU-nun professor-müəllim, inzibati və texniki heyət üzvlərini, tələbə və məzunlarını təbrik edən MDU-nun prorektor əvəzi Veysəl Əyyubov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən universitetin yüzilliyinin respublika səviyyəsində qeyd edilməsini ali təhsilin inkişafına dövlət qayğısının bariz nümunələrindən biri kimi dəyərləndirib və seminarın işinə uğurlar arzulayıb.
Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayevin moderatorluğu ilə keçirilən elmi-praktiki seminarda proqrama daxil olan məruzələr haqqında məlumat verildikdən sonra çıxışlara başlanılıb.
ADPU-nun “Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası” kafedrasından dosent Rasim Şükürov “İbtidai siniflərdə riyaziyyatın tədrisinin aktual problemləri”, baş müəllim Mehdixan Aşurov “İbtidai sinif müəllimi hazırlığında həndəsi anlayışların öyrənilməsində varislik” mövzusunda, MDU-nun “Riyaziyyat” kafedrasından dosent Sahib Mustafayev “Respublikada riyaziyyat müəllimi hazırlığının dünəni və bu günü”, dosent Müsəllim Hümbətov “Yuxarı siniflərdə natural ədədlər hesabına aid tədris materialının inteqrativ şəkildə ümumiləşdirilməsi”, dosent Mehman Rəsulov “Müstəqil öyrənmədə və özünüqiymətləndirmədə kodlaşdırmanın tətbiqi” mövzusunda mərzulər ilə çıxış ediblər.
Məruzələrdə müasir dövrdə riyaziyyat müəllimi hazırlığında əsas çağırışlar və yeni tələblər, ibtidai siniflərdə Riyaziyyat fənninin tədrisi problemləri, müxtəlif mövzuların tədrisində tətbiq edilən yeni yanaşmalar, müasir təlim texnologiyaları, şagirdlərin məntiqi təfəkkürünü, mühakimə qabiliyyətini inkişaf etdirməyin üsulları və digər məsələlər barədə ətraflı məlumat verilib.
Seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr geniş müzakirələrə səbəb olub və təqdim edilən suallar cavablandırılıb.
Qeyd edək ki, MDU-da pedaqoji kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən biri olan ADPU ilə əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.