AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

28 aprel 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Zərifə Əliyeva ömrünün işığı” mövzusunda tədbir keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru Şahin Bayramov Azərbaycan tibb elmində özünəməxsus yeri olan akademik Zərifə Əliyevanın keçdiyi zəngin və şərəfli ömür yolundan bəhs edib. Z.Əliyevanın göstərdiyi misilsiz xidmətləri vurğulayan rektor xalqımızın yaddaşında əbədi iz qoymağı bacaran görkəmli alimi vəfalı ömür-gün yoldaşı, fədakar ana, yüksək intellekt və mədəniyyətə sahib ziyalı, qayğıkeş həkim, nəcib və insanpərvər Azərbaycan qadını kimi təsvir edib.

Çoxşaxəli elmi-pedaqoji fəaliyyəti və yaradıcılığı ilə Z.Əliyevanın Azərbaycanın tibb elmində parlaq səhifələr açdığını diqqətə çatdıran Ş.Bayramov onun əziz xatirəsinin hər zaman dərin ehtiramla yad edildiyini bildirib. Z.Əliyevanın nümunəvi həyat yolu və peşəkar fəaliyyətinin gənc nəsil arasında təbliğinin önəmindən bəhs edən rektor vətəninə, dövlətinə və xalqına layiq vətəndaş yetişdirməyi əsas vəzifələrindən biri kimi müəyyənləşdirən universitetdə bu formatda tədbirlərin keçirilməsinin faydasından danışıb.

YAP Mingəçevir şəhər Qadınlar Şurasının sədr müavini, MDU-nun İctimai Nəzarət Şurasının üzvü Ədalət Quliyeva “Zərifə Əliyeva – XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri kimi” mövzusunda, Sumqayıt Dövlət Universitetinin Xarici dillər kafedrasının baş müəllimi Könül İsgəndərova “Şəfqətli xanım – zəriflər zərifi Zərifəmiz” mövzusunda, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Dillər kafedrasının baş müəllimi Ədalət Musayeva “Zərifə Əliyevanın zəngin həyat yolu gənc nəsil üçün örnək və yaşam etalonudur” mövzusunda, MDU-nun Xarici dillər kafedrasının müəllimi Xədicə Əliyeva “Zərifə Əliyeva ömrünün işıq mücəssiməsi” mövzusunda məruzələr ilə çıxış ediblər.

Məruzələrdə Z.Əliyevanın alim, müəllim, həkim kimi çoxşaxəli, məhsuldar elmi və pedaqoji fəaliyyətindən, tibb sahəsində əldə etdiyi nailiyyətlərdən, yeni nəslin yetişdirilməsindəki rolundan, vəfalı həyat yoldaşı, fədakar və qayğıkeş ana kimi ailəsinə sədaqətindən, milli dəyərlərimizə bağlılığından və ailə üzvlərinin onunla bağlı bölüşdükləri maraqlı xatirələrdən bəhs edilib.

Üç ali təhsil müəssisəsinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbir böyük maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da Azərbaycanın görkəmli şəxsiyyətləri və elm xadimlərinin yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsinə xüsusi əhəmiyyət verilir, onların zəngin irsinin öyrənilməsi, nümunəvi həyat və yaradıcılıq fəaliyyətlərinin gənc nəsil arasında təbliğ edilməsi diqqət mərkəzində saxlanılır.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bu xəbəri oxumusunuz?

Close
Close