2021-ci ilin 1 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İqtisadiyyat və idarəetmə”, “Pedaqoji” və “Mühəndislik” fakültələrinin professor-müəllim və inzibati-texniki heyət üzvləri ilə silsilə görüşlər keçirib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən görüşlərdə MDU-da 2020/2021-ci tədris ilinin yaz semestrinin uğurla başa çatdığını qeyd edən rektor pandemiya şəraitində mövcud qaydalara uyğun olaraq tədris prosesinin məsafədən təşkilində göstərdikləri fəallığa görə universitet kollektivi üzvlərinə təşəkkürünü bildirib.
Fakültələr üzrə ayrıca olaraq professor-müəllim heyəti ilə müvafiq görüşlərin keçirilməsinin müsbət ənənəyə çevrildiyini vurğulayan Ş.Bayramov universitetdə mövcud vəziyyətin qiymətləndirilməsi və imtahan sessiyasına hazırlıq səviyyəsinin daha da yüksəldilməsi baxımından bu formatda müzakirələrin əhəmiyyətini diqqətə çatdırıb.
İmtahan sessiyasının artıq üçüncü dəfə məsafədən təşkil edildiyini bildirən rektor MDU-nun bu sahədə topladığı təcrübədən bəhs edib, ilk dövrlərdə mövcud olan texniki çətinliklərin aradan qaldırıldığını qeyd edib.
İmtahan sessiyasının təşkili və keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsi qaydaları haqqında ətraflı məlumat verən Ş.Bayramov obyektivlik və şəffaflığın təmin edilməsinin başlıca prinsiplərdən olduğunu xatırladıb.
Mövcud reallıqları nəzərə alaraq, bütün tələbələrə, xüsusilə də birinci kurs tələbələrinə həssas yanaşmanın vacibliyini vurğulayan rektor imtahan prosesi barədə müvafiq tövsiyə və tapşırıqlarını verib.
Tələbə, magistrant, valideyn və ictimaiyyət nümayəndələrindən MDU-da məsafədən keçirilən dərslər, kollokviumlar və imtahan sessiyasına hazırlıq işlərindən məmnunluq ifadə edən çoxsaylı müraciətlərin daxil olduğunu qeyd edən Ş.Bayramov cari imtahan sessiyasının uğurla başa vurulacağına əminliyini bildirib və universitetin akademik heyət üzvlərinə uğurlar arzulayıb.
Universitetin akademik heyət üzvləri yaradılan şəraitə və göstərilən diqqətə görə MDU rəhbərliyinə təşəkkürlərini çatdırıblar və imahan sessiyasına tam hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, MDU-da imtahan sessiyasına hazırlıq səviyyəsinin yüksəldilməsi, imtahanların tələbə və müəllim məmnunluğu şəraitində keçirilməsinin təmin edilməsi məqsədilə hər semestrin sonunda, ənənəvi olaraq, universitetin akademik heyət üzvləri, tələbə və magistrantları ilə silsilə görüşlər keçirilir.
Şərhlər bağlıdır.