2021-ci ilin 14 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.
Görüşdə rektor, ilk növbədə, cari tədris ilinin payız semestrinin uğurla başa çatması münasibətilə MDU ailəsinin bütün üzvlərini təbrik edib və imtahan sessiyasında onlara uğurlar arzulayıb.
Mövcud həssas şəraiti nəzərə alaraq, tədrisin məsafədən təşkili zamanı tələbələr üçün yaradılmış əlverişli şəraitdən, biliklərin cari və aralıq qiymətləndirilməsi qaydalarından bəhs edən rektor onlayn imtahan sessiyasının obyektiv, şəffaf və ədalətli keçirilməsi üçün zəruri olan bütün mümkün tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Daha sonra tələbə və magistrantların çoxsaylı müraciətləri dinlənilib, sualları ətraflı cavablandırılıb və səsləndirdikləri təkliflərə münasibət bildirilib.
Səmimi ortamda keçən görüşdə çıxış edən tələbələr pandemiya dövründə universitetdə məsafədən tədrisin təşkilindən və imtahan sessiyasının gedişatından razılıqlarını ifadə ediblər. Müasirləşmə yolunda inamla addımlayan MDU-da təhsil almaqdan məmnun olduqlarını qeyd edən tələbələr daha yüksək akademik nəticələr göstərərək universitetin nüfuzunun artmasına töhfə verməyə çalışacaqlarını bildiriblər.
Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 9 fevral tarixinədək hər həftənin cümə axşamı günü təşkil olunması nəzərdə tutulub.
Şərhlər bağlıdır.